Deputat: “Ermənilərə izah ediblər ki, burcutmaq lazım deyil”
Tarix: 03-10-2022 18:03 | Bölmə: Slayd
Deputat: “Ermənilərə izah ediblər ki, burcutmaq lazım deyil”

“Bir sıra mütəxəssislər deyirdi ki, 12-13 sentyabrda baş verən hərbi qarşıdurma danışıqlar prosesini geri atacaq, proses dayancaq. Ancaq biz bunun əksini müşahidə edirik. Bu da onunla bağlıdır ki, hərbi toqquşmalar riskləri artırır. Bu risklər də nə ermənilərə, nə də onu himayə edən dövlətlərə müsbət heç nə vəd etmir. Düşünürəm, ermənilərə izah ediblər ki, burcutmaq lazım deyil, konkret danışıq və razılıq əldə edilməlidir”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Rasim Musabəyov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşündən danışarkən deyib.

Rasim Musabəyov Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamasından da söz açıb:

“Söhbət ondan getmir ki, Ermənistan Qarabağ məsələsini qaldırmadan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır. Onlar daima Qarabağla bağlı nəsə deyəcək, nəsə istəyəcəklər. Bunların ağzını yummaq mümkün deyil. Sadəcə, anladılar ki, Azərbaycan Ermənistanla Qarabağ ifadəsinin olacağı heç br sənədə imza atmayacaq. Bunu anlayandan sonra elan etdilər ki, ikitərəfli müqavilədə Qarabağ məsələsinə toxunulmur, bu, Azərbaycanla Qarabağdakı ermənilərin öz işidir.

Qarabağ erməniləri də bizim üsyan etmiş vətəndaşlarımızdır. Biz onlara qarşı zor işlətmək niyyətində deyiliksə, sözsüz ki, onları dinləməli və yola verməliyik. Aydındır ki, bütün bunlar Azərbaycan Konstitusiyası çərçivəsində olmalıdır”.

R. Musabəyov Azərbaycan-Ermənistan sərhəddinə hansısa beynəlxalq müşahidəçi və ya qoşunların gətirilməsi ilə bağlı səslənən fikirlərə də diqqət çəkib: “Ermənistan sərhədin ona tərəf olan ərazilərinə kimi istəsə çağıra bilər. İstər beynəlxalq müşahidəçi, istər falçı, istərsə də rəqs ansanbılını. Bu, onun öz işidir. Azərbaycan isə heç bir beynəlxalq müşahidəçini öz tərəfindən tanımaq niyyətində deyil. Ona görə də deyirik ki, gəl otur, söhbət edək, sərhədləri dəqiqləşdirək və qanunla davranaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}