12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Güney Azərbaycana istiqlal: indi deyilsə, nə zaman?
Tarix: 04-10-2022 19:44 | Bölmə: Slayd
Güney Azərbaycana istiqlal: indi deyilsə, nə zaman?

ABŞ-ın qurucu atalarından biri, Amerika koloniyalarının müstəqilliyi uğrunda fəal mübariz Patrik Henrinin “Mənə azadlıq verin, ya da öldürün” çağrışı müstəqillik uğrunda mübarizənin şüarını - “Live free or die”ni (Ya azadlıq, ya ölüm) doğurdu. Bu şüarla mübarizəyə qalxan koloniyalar 1776-cı ildə gələcəyin qüdrətli dövləti olacaq ABŞ-ın təməlinin qoyulmasına nail oldular.

Ötən əsrin 30-cu illərində Londonda Hindistan məsələləri ilə bağlı müzakirələr və konfranslar keçirilirdi. Bu müzakirə və konfranslarda hind millətçilərinə güzəştə gedən müsəlman liderlərin mövqelərini qəbuledilməz hesab edən Rəhmət Əli 28 yanvar 1933-cü ildə “İndi ya heç vaxt” broşürasını nəşr etdirdi. Bu broşürda Rəhmət Əli bir neçə çoğrafi ərazini, Pəncəb, Əfqanıstan əyaləti, Kəşmir, Sind və Bəlucistanı əhatə edən və PAKİSTAN adlı dövlətin qurulmasının ideoloji əsaslarını yartmışdı. Müsəlman liderlərin bir hissəsi Rəhmət Əlinin əleyhinə çıxış edərək Pakistan ideyasını qeyri-mümkün sayırdılar. Britaniya hakimiyyət orqanları isə Rəhmət Əlini məsuliyyətsizlikdə ittiham etdi. Bütün bunlara baxmayaraq, bu broşüra Hindistan məsələsi ətrafında gedən müzakirələrə yeni istiqamət verdi. “İndi ya heç vaxt” broşürası Pakistan Milli Hərəkatının ideoloji əsaslarına çevrilərək Pakistan dövlətinin yaranması ilə nəticələndi.

Patrik Henrinin “Mənə azadlıq verin, ya da öldürün” çağrışını ABŞ-ın yaranmasında, Rəhmət Əlinin “İndi ya heç vaxt” broşürasını və onun Pakistan dövlətinin yaranmasında oynadığı rolu təsadüfən xatırlamadım. Gözlərimiz önündə dünya düzəni dəyişir. Koronavirus pandemiyası qlobal təsir doğuraraq yeni dünya düzəninə keçidi başlatdı. Rusiyanın Ukraynaya qarşı müharibəsi isə bu prosesi tətiklədi.

İkinci Dünya Müharibəsindən sonra formalaşan dünya düzəni artıq mövcud deyil. Dünyanın fevralın 24-dən, yəni Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən öncəki dövrə qayıtmayacağı tam aydındır. Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinin özü də İkinci Dünya Müharibəsindən sonra formalaşmış dünya nizamının dağıldığını sübut edir.

Ola bilməz ki, köhnə dünya nizamı çöksün və bəşəriyyət nizamsız bir dünyada yaşasın. Bəşər tarixində belə hal yalnız dövlətlərin mövcud olmadığı zamanlarda olub. Dövlətlər yarandıqdan sonra isə dünya nizamı yaranıb. İndi də köhnə dünya nizamı çöküb, yenisi yaranmaqdadır. Ukraynada müharibə davam etsə də, müharibədən sonrakı dünya düzəni formalaşmağa başlayıb. Yeni dünya nizamı isə 2022-ci il fevralın 24-dən əvvəlkindən köklü şəkildə fərqlənəcək.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən dörd həftə sonra ABŞ-ın nəhəng biznes strukturlarının rəhbərləri ilə onlayn formatda keçirdiyi görüşdə prezident Co Bayden dünya nizamının hər üç nəsildən bir dəyişdiyini qeyd edərək, növbəti dəyişiklik zamanının çatdığını bəyan edib. Məxfi görüşlərin birində bir hərbiçinin ona söylədiyi ifadəni nəhəng biznes strukturlarının rəhbərləri ilə müzakirə zamanı təkrar edən prezident C. Bayden deyib: “Yeni dünya nizamı olacaq və azad dünyanı birləşdirirək ona rəhbərlik etməliyik”.

“İndi hər şeyin dəyişdiyi vaxtdır”. Bu ifadə də ABŞ prezidenti Co Baydenə məxsusdur və dünyada baş verən prosesləri çox dəqiq ifadə edir.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən öncə və müharibənin ilk günlərində ABŞ-ın liderliyi ilə formalaşmış demokratik dövlətlərin öncülüyünə əsaslanan dünya düzəninin dəyişəcəyi haqqında fikirlər səslənirdi. Belə fikirlər vardı ki, avtotoritar dövlətlər demokratik dünya ilə mübarizədə qalib gələcək və Çinin liderliyi ilə yeni dünya düzəni formalaşacaq. Lakin Rusiya işğalına qarşı Ukraynanın uğurlu müqaviməti, ABŞ və Böyük Britaniyanın qətiyyətli mövqeyi ilə bu ehtimalların gerçəkləşməsi mümkünsüz hala gəldi. İlk toplantısı ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələrinin (USAFE) qərargahı və NATO bazalarından biri olan Ramştayn hərbi hava bazasında keçirilən və buna görə də qeyri-rəsmi olaraq “Ramştayn formatı” adlandırılan Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun yeni dünya düzənin hərbi-siyasi arxitekturası ola bilər.

“Ramştayn formatı” NATO-dan fərqli olaraq Trans-Atlantik ittifaq deyil, burada bütün qitələrdən olan ölkələr təmsil olunub. NATO-da təmsil olunmaq imkanı olmayan Asiya, Afrika və Latın Amerikası ölkələri “Ramştayn formatı”nda fəallıq göstərərək dünyada yeni təhlükəsizlik sisteminə ehtiyac olduğunu qabartmağa çalışırlar. Aydın görünür ki, “Ramştayn formatı” da dünyanın yeni təhlükəsizlik sisteminə olan ehtiyacdan yaranıb. “Ramştayn formatı”nın NATO-dan digər bir fərqi isə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupuna ABŞ müdafiə nazirinin sədrlik etməsidir.

Yeni dünya düzəninin təhlükəsizlik sisteminin arxitekturasını “CYBER FLAG 21-1” formatı tamamlayacaq. İnformasiya texnologiyaları üzrə mütəxəsislərin kiber NATO adlandırdıqları “CYBER FLAG 21-1” kiber məkanda kollektiv təhlükəsizlik sistemi bazasını yaratmalı, ABŞ və müttəfiqlərinə yönələn zərərli kiberfəaliyyətləri müəyyənləşdirmək, uyğunlaşdırmaq və yekdilliklə cavab vermək imkanlarını təmin etməlidir.

BMT Təhlükəsizlik Şurasında islahatların aparılması tələbi ilə ABŞ, Fransa, Ukrayna və digər ölkələrin təşəbbüsləri, Fransa prezidenti Emmanuel Makronun Avropa İttifaqının dəyərlərini paylaşan, lakin onun bir hissəsi olmayan ölkələrin iştirakı ilə yeni Birliyin yaradılması təklifi də yeni dünya düzənin formalaşmaqda olduğunu göstərən daha bir məqamdır.



Bütün bunlar yeni dünya düzəninin formalşamaqda olduğunu təsdiq edir. İndi formalaşmaqda olan yeni dünya düzəni də ən azı 50 il, bəlkə də daha çox dəyişməz qalacaq. Beləliklə, Güney Azərbaycanın müstəqilliyi bizim üçün məhz bu səbəbdən vazkeçilməzdir. Əgər Güney Azərbaycan müstəqilliyini indi əldə etməsə, ən azı 50 il, bəlkə də daha çox İranın tərkib hissəsi olaraq qala bilər. Belə bir mənhus tale ilə barışmaq mümkün deyil. Üstəlik, İranın hazırkı vəziyyəti də Güney Azərbaycanın müstəqiliyini qazanmasının mümkünlüyündən xəbər verir.

Şəriətin qətlə yetirdiyi növbəti qadın, 22 yaşlı Məhsə Əmininin ölümünə etiraz olaraq sentyabrın 16-da başlayan etirazların miqyası və teokratik rejimin ideoloji-siyasi əsaslarına qarşı yönəlməsi İran İslam Respublikasının son zamanlarını yaşadığını təsdiq etdi.

Diqqət çəkən digər məqam İran vətəndaşlarının ölkənin gələcəyi ilə bağlı qayğılarının olmamasıdır. Etirazlar yalnız teokratik rejimə deyil, eyni zamanda İran dövlətinin mövcudluğuna qarşı yönəlib. Aydın görünür ki, İranın vahid dövlət kimi mövcudluğu artıq ölkə əhalisinin böyük hissəsini qane etmir. Çünki İranda bütün xalqları birləşdirəcək ideologiya mövcud deyil və bir daha olmayacaq. Teokraik rejimin əsaslarını təşkil edən şiəçilik İran vətəndaşlarını birləşdirən sonunci ideologiyadır. Belə bir ideologiya bir daha olmayacaq. Bu isə İranın bütövlüyünü təmin edən üç şərtdən birinin ortadan qalxması deməkdir.

İranda yaşayan xalqları birləşdirən vahid müxalifətin olmaması rejimə qarşı mübarizənin effektini aşağı salan amil olsa da, müsbət tərəfi də var. Bu o deməkdir ki, teokratik rejimdən başqa İranın bütövlüyünü təmin edəcək ikinci bir qüvvə mövcud deyil. Bu isə İrandakı milli hərəktaların imkanlarını artırır.

Qərbin sanksiyaları nəticəsində İran artıq vətəndaşlarının sosial-iqtisadi rifahını təmin etmək imkanlarını itirib. Buna görə də İranın bütövlüyünün təminatı olan ikinci şərt də məhv olub.

İranın bütövlüyü ancaq silah gücünə təmin edilir. Bəşəriyyətin tarixi isə göstərir ki, heç bir imperiya silah gücünə uzun müddət mövcudluğunu saxlaya bilmir.



Güney Azərbaycanın insan hüquqları uğrunda bütün İranı bürüyən mübarizə prosesinə qoşulması, qısa zamanda bu prosesin önünə çıxması ilə yanaşı öz müqəddəratını təyin etmə hüququnu ehtiva edən şüarlarla çıxış etməsi Güney Azərbaycanın müstəqilliyə hazır olduğunu bir daha təsdiqlədi. Aydın görünür ki, Güney Azərbaycan özünün gələcəyi ilə bağlı aydın təsəvvürlərə malikdir. Bu isə müstəqillik uğrunda mübarizənin uğurunu təmin edəcək əsas amildir.

Ancaq onu da nəzərə almaq lazımdır ki, İranın teokratik rejimi kimi totalitar rejimləri yalnız daxili qüvvələr hesabına tarixin arxivinə göndərmək çox çətindir. Bu, böyük itkilər hesabına mümkün ola bilər.

Azadlıq, Ədalət və Milli Hökumət uğrunda mübarizə aparan Güney Azərbaycanın, insan hüquqları uğrunda teokratik rejimə qarşı əliyalın üsyana qalxan İran vətəndaşlarının beynəlxalq ictimaiyyətin qətiyyətli və mütəşəkkil dəstəyinə ehtiyacı var. Demokratiya Naminə Ukraynaya Dəstək Platformasının bununla bağlı beynəlxalq ictimaiyyətə müraciəti tarixi sənəddir və ictimai-siyasi qüvvələr tərəfindən dəstəklənməlidir. Çünki son illərdə İranda rejimə qarşı bütün etirazlar İslam İnqilabı Keçikçiləri Korpusu tərəfindən zorakılıqla yatırılıb. İstibdad rejiminin yeganə dayağına çevrilən bu qurum insan hüquqları uğrunda mübarzəyə qalxan İran vətəndaşlarına yenə divan tutmaqda davam edir. Aydın görünür ki, İran vətəndaşlarının insan hüquqlarını əldə edə bilməsi üçün beynəlxalq ictimaiyyət qətiyyətli dəstək verməlidir. İnsan hüquqları və öz müqəddəratını müəyyənetmə hüququ uğrunda mübarizə aparan İran vətəndaşlarına dəstək vermək beynəlxalq ictimaiyyətin insanlıq qarşısındakı vəzifəsidir.

Xəqani CƏFƏRLİ




Bölməyə aid digər xəbərlər