12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Deputat: “Ermənistanın Rusiyanın təsirindən çıxması itkisiz olmayacaq”
Tarix: 07-10-2022 18:49 | Bölmə: Slayd
Deputat: “Ermənistanın Rusiyanın təsirindən çıxması itkisiz olmayacaq”

“Praqada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutan görüşü müsbət qiymətləndirirəm. Mənim qənaətimcə, artıq rəsmi İrəvan Gürcüstan yolunu seçib. Daha dəqiqi, Rusiyadan qoparaq Avropa istiqamətində irəliləmək istəyir. Amma nəzərə almaq lazımdır ki, Gürcüstanın belə bir yol seçməsinin şərti var idi. Gürcüstan bu yolu heç vaxt qət edə bilməzdi - əgər Azərbaycan və Türkiyə ilə nəinki probleminin olmaması, strateji tərəfdaş kimi münasibət qurmasaydı. Ermənistan da Gürcüstanın getdiyi yolla addımlamaq istəyirsə, hökmən Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır. Düşünürəm ki, bunu Nikol Paşinyana izah ediblər”.

Bu fikirləri Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov dünən Praqada keçirilən Ərdoğan-Paşinyan görüşündən danışarkən deyib.

R. Musabəyovun sözlərinə görə, Ərdoğan-Paşinyan görüşü zamanı Türkiyə lideri elan edib ki, əgər Ermənistan Azərbaycanla sülh razılığına gələrsə, sərhədləri müəyyən edərsə, bu zaman Ankara ön şərt irəli sürmədən hava və quru sərhədlərini Ermənistan üçün açacaq: “Əslində qardaş Türkiyə bu mövqeyini çoxdan elan edib. Ona görə də, Paşinyana deyirlər ki, zəhmət çəkib sülh sazişini imzala”.

R. Musabəyov deyir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması heç kimin ziyanına deyil: “İrəvanın bəzi addımları sözsüz ki, regionda marağı olan ölkələrin qıcığına səbəb ola bilər. Məsələn, Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova elan etdi ki, kimlərsə Rusiyanın təsir dairəsinə soxularaq özlərini qabağa verirlər.

Paşinyan Praqadan sonra Sankt-Peterburqa gedəcəyini bilirdi. Hər halda bu, onların öz işidir. Zamanında onlar Rusiyadan istifadə edərək Azərbaycan torpaqlarını işğal etmişdilər. İndisə Rusiya zəiflədiyi üçün Ermənistan vurnuxur. Düşünürəm ki, bunu Rusiya nə yadından çıxardan, nə də unudan deyil. Eyni zamanda Ermənistanın Rusiyanın təsir dairəsindən çıxması itkisiz olmayacaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər