12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiya Ukraynadan Krım körpüsünün qisasını alır
Tarix: 10-10-2022 19:42 | Bölmə: Slayd
Rusiya Ukraynadan Krım körpüsünün qisasını alır

“Rusiya Qara dənizdəki “Moskva” gəmisinin partladılmasından sonra da Ukraynanı raket atəşinə tutmuşdu. Hətta Ukrayna ordusu əks-hücuma keçən zaman da Rusiya raket atəşindən istifadə etdi. Rusiya üz-üzə döyüşlərdə uduzur və rəhbər şəxslərin əsəbləri dözmür. Bu dəfə isə Krım körpüsünə görə Ukraynadan qisas alırlar”.

Bunu Reyting.az-a hərbi ekspert Azad İsazadə bu gün səhər saatlarında Rusiya ordusunun Ukrayna şəhərlərini raket atəşinə tutmasından danışarkən deyib.

A. İsazadənin sözlərinə görə, Rusiyanın raket zərbələri endirməsində məqsəd həm də Ukraynanın müqavimətini qırmaq, nəticədə Ukrayna xalqını ayağa qaldırıb öz hökumətindən müharibəni dayandırmağı tələb etməkdir.


A. İsazadə

Ekspertin fikrincə, əslində rəsmi Moskva Kiyevə danışıqlar təklif edir. Amma öz şərtləri ilə: işğal etdiyimiz torpaqlar bizim nəzarətimizdə qalır, əvəzində atəşkəs əldə olunur. Ukrayna isə Moskvanın bu təklifini rədd edir və bildirir ki, Putinlə danışıq aparılmaycaq. Yəni Rusiyada yeni prezident olacağı təqdirdə Ukrayna onunla danışıq apara bilər.

A. İsazadə əmindir ki, Moskva son hücumlarla həm də Kiyevi danışıqlara məcbur etməyə çalışır. Yəni Ukrayna ordusunun əks hücumu dayansın, atəşkəs əldə edilsin. Nəticədə Rusiya öz ordusunu nəzərdən keçirə bilsin.

Ekspert əlavə edib ki, bu gün səhər saatlarında olan hücum zamanı Ukrayna hava hücumundan müdafiə qüvvələri əvvəlki dövrlə müqayisədə normal işləyib: “Raketlərin yarısı vurulub. Yəni imkan daxilində raketlərin qarşısını almağa çalışırlar”.

A. İsazadənin fikrincə, Ukrayna müharibəni davam etdirəcək: “Xersonu, imkan daxilində digər əraziləri də nəzarətə götürməyə çalışırlar. Çünki qışda hərbi əməliyyatlar səngiyəcək”.

Ekspert sonda əlavə edib ki, Rusiyanın istəyindən asılı olmayaraq, çox şey Qərbdən Ukraynaya göndərilən silahlardan asılıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər