12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Professor: “Ermənistanda uşaqlara azərbaycan dili öyrədir, xüsusi proqramlar hazırlayırlar”
Tarix: 12-10-2022 16:37 | Bölmə: Slayd
Professor: “Ermənistanda uşaqlara azərbaycan dili öyrədir, xüsusi proqramlar hazırlayırlar”
Firudin Cəlilov

“Hazırda Fransa, ABŞ və Rusiya Ukrayna savaşında bir-birinə qarşı çıxış edirlər. ABŞ və Rusiya az qala, düşmən münasibətlərə malikdirlər. Amma erməni və Qarabağ məsələsində Paris, Vaşinqton və Moskva eyni mövqedən çıxış edir, ermənilərin lehinə olan yanaşmaları dəstəkləyirlər. Niyə dəstəkləyirlər? Hesab edirəm ki, bu, hətta son 30 ilin məsələsi də deyil”.

Bunu Reyting.az-a Azərbaycanın keçmiş təhsil naziri, professor Firudin Cəlilov deyib.

Onun sözlərinə görə, 200 ildir ki, türklərə, ümumən türk etnosuna qarşı mənfi münasibət mövcuddur və bu, əsrlərlə davam edir. F. Cəlilov hesab edir ki, buna təbii yanaşmaq lazımdır.

Türkoloq-alim qeyd edib ki, başda Rusiya olmaqla, bəzi Avropa ölkələrinin uzunmüddətli dövlət strategiyası var: “Bu strategiyadan biri də Türkiyəni Azərbaycandan ayırmaqdır. Gətirib Azərbaycanın ortasına erməniləri yerləşdiriblər, hətta indi “Zəngəzur dəhlizi” deyilən zolaq da qurublar. İndi erməni məsələsi həll edildiyi bir zamanda, bu ölkələr dərhal hərəkətə keçir, bu məsələnin həll edilməsinə qarşı çıxır və regionda yeni oyunların başlamasına çalışırlar. Niyə? Çünki maraqlarına uyğun deyil ki, türk etnosları arasında birləşdirici yol xətləri asan olsun. Axı bu, türk etnosların əlaqələrinin inkişafına səbəb olur. Bizim problemimiz isə odur ki, düşmənimizi tanımırıq”.

Professorun fikrincə, düşməni dərindən araşdırmaq lazımdır: “Təəssüflər olsun ki, bizdə bunu etmirik. Sadəcə, hadisə başlayır və reaksiya veririk. Halbuki əvvəldən məsələləri araşdırmalı, təhlil etməli, proseslərə hazır olmalıyıq. Eləcə də profilaktik iş aparılmalıdır. Yəni araşdırma mərkəzləri olmalıdır, erməniləri və onun arxasında duran qüvvələri araşdırmalıdır, məqsədlər və fəaliyyət növləri üzə çıxarılmalıdır. İndi təsəvvür edin ki, Ermənistanda bəzi yerlərdə uşaqlara azərbaycan dili tədris edir, xüsusi proqramlar hazırlayırlar”.

F. Cəlilov xatırladıb ki, SSRİ vaxtında Ermənistandakı universitetlərdə Azərbaycanla bağlı kafedralar olub, bəzən dərs də keçiblər. “İndisə ermənilər uşaqlarına məktəbdə azərbaycan dilini öyrətməyə başlayıblar. Biz bu məqamları nəzərə almalıyıq. Bizdə bu işlərin başında həmişə “beşinci kolon” durub. Ona görə də bu məsələlərdə geridəyik”,- deyə professor əlavə edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər