12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Sərdar Cəlaloğlu: “Fransa Azərbaycana problem yarada bilməz”
Tarix: 14-10-2022 16:04 | Bölmə: Slayd
Sərdar Cəlaloğlu: “Fransa Azərbaycana problem yarada bilməz”

“Qafqaz Fransa üçün yad yerdir. Ənənəvi Fransa müstəmləkəçiliyi daha çox Afrika üzərində olub. Üstəlik, Fransanın yalnız erməni lobbisinə görə təsir dairəsi var. Yəni kiçik təsir dairəsindən bəhs edə bilərik. Ona görə də, Makronun və Senatın dediklərinin bizə aidiyyəti yoxdur. Makron bir tərəfdən vasitəçilik edir, digər tərəfdən də ermənilərin müdafiəsi ilə məşğuldur. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova elan etmişdi ki, Makron ağzının danışığını bilmir. Qısası, Makron sülhə ciddi zərbə vurur”.

Bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

S. Cəlaloğlu əmindir ki, Makron Fransasının Qafqaza təsiri güclü deyil: “Burada Fransada olan erməni lobbisinin müəyyən rolu var. Amma Makron elə nüfuzlu siyasi xadim deyil ki, onun sözü ilə nəsə baş versin.

İkincisi, Makron Fransası Azərbaycana problem yarada bilməz”.

ADP sədri xatırladıb ki, 44 günlük müharibə zamanı da Fransa çox çalışıb, amma Azərbaycana problem yarada bilməyib.

S. Cəlaloğlu əlavə edib ki, Azərbaycanın Fransadan asılılığı yox, sərhəddi yox, tarixi əlaqələri isə elə də geniş deyil: “Fransa bizə nə edə bilər? Fransanın bizə təsir etmək imkanı sıfıra yaxındır”.

Partiya sədri Fransanın Ermənistanı gücləndirməsinin də proseslərə təsir edə bilməyəcəyini düşünür: “Ermənistanı gücləndirib nə edəcək? Bu saat Ermənistanın ən düzgün yolu bitərəfli status əldə etmək, ərazisini silahsızlaşdırmaq, Rusiya daxil, xarici silahlı qüvvələri öz ərazisindən çıxarmaq və mövcudluğunu davam etdirməkdir. Ermənistan Fransa və ya digər ölkədən silah alsa belə, Azərbaycana qarşı qələbə çalmaq şansı yoxdur. Odur ki, boş söhbətdir. Məsələn, Azərbaycanın aldığı silahlar bir yana, özünün silah sənayesi var. Biz silah istehsal edirik və satırıq. Ermənistanın isə heç silah almaq imkanı yoxdur. Fransa da uzağı güzəştli şərtlərlə silah verə bilər. Bu da bizim üçün heç bir təhlükə törətmir. Ermənistan nə qədər silahlanacaqsa, bir o qədər özlərinə ziyan vuracaqlar. Bölgədə qoşun saxlamaq, özünü hərbi güc kimi təqdim etmək Ermənistana yaxşı heç nə vəd etmir. Odur ki, İrəvan sülhdən möhkəm yapışmalı, Fransanın təxribatçı addımlarından cuşa gəlməməlidir”.

Reyting.az






Bölməyə aid digər xəbərlər