12:36 / 14-06-2025
Sabah yağış yağacaq
“Senat Azərbaycana qarşı cəfəng qərar verə bilər və...” - Deputat
Tarix: 14-10-2022 16:32 | Bölmə: Slayd
“Senat Azərbaycana qarşı cəfəng qərar verə bilər və...”

“Fransa Senatı hansı qələti edirsə, etsin. Əslində xarici siyasəti Senat deyil, hökumət, Xarici İşlər Nazirliyi və Fransa prezidenti formalaşdırır. Onlar 44 günlük müharibə zamanı da mənasız bəyanatlar verdilər. Məsələn, keçmiş Dağlıq Qarabağı işğal edilən digər ərazilərlə birgə tanıya biləcəklərini söylədilər. Bir sözlə, Senat Azərbaycana qarşı cəfəng qərar qəbul edə bilər və biz də, təbii olaraq, buna sərt münasibətimizi bildirəcəyik. Münasibətlərin qırılması isə konkret fəaliyyətdən asılıdır. Hələlik onlar çağırış edirlər ki, Avropa Birliyi Azərbaycanın qaz və neftindən imtina etsin. Belə cəfəng müraciətə heç kim ciddi yanaşmayacaq”.

Bu sözləri Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R. Musabəyov bildirib ki, Fransa neftinin 1 faizini Azərbaycan sayəsində təmin edirsə, bu rəqəm İtaliya üçün 50 faizdir.

“Avropa Birliyi xüsusi dəstək verir ki, biz bu qitəyə neft və qaz ixracımızı artıraq. Ona görə də Makronun dedikləri populizmdir”,- deyə R. Musabəyov əlavə edib.

Deputat diqqətə çatdırıb ki, əslində Fransa Senatda olan ab-havanı bu formada nümayiş etdirir. Amma bununla Azərbaycanı qorxutmaq mümkün deyil: “Yox, əgər Fransa hökuməti Azərbaycanın maraqlarına ciddi formada toxunmağa başlayarsa, bu, səfiri geri çağırmaqla və bu ölkə ilə bütün əlaqələri kəsməklə nəticələnə bilər”.

R. Musabəyov xatırladıb ki, Fransanın Azərbaycana nəsə satdığı və bunun əvəzedilməz olması kimi reallıq mövcud deyil: “Yəni Fransa bizə vazkeçilməz və ya alternativi olmayan nəsə satmır. Sabah Fransadan aldığımız nəyisə İtaliya, Britaniya və ya Almaniyadan ala bilərik”.

R. Musabəyov sonda qeyd edib ki, kifayət qədər təcrübəsi olan Fransa diplomatiyasının ağılsız senatorların çağırışlarına qoşulacağına inanmır.

Reyting.az




Bölməyə aid digər xəbərlər