12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Fərhad Mehdiyev: “İndiki vəziyyətdə sülh gözləmək doğru deyil”
Tarix: 15-10-2022 12:37 | Bölmə: Slayd
Fərhad Mehdiyev: “İndiki vəziyyətdə sülh gözləmək doğru deyil”

“Ermənistan itirdikləri ilə razılaşa bilmir. Digər tərəfdən, Azərbaycan Qarabağda tam nəzarəti təmin etməyib, eləcə də 10 noyabrda əldə edilən üçtərəfli razılaşmaya əsasən Naxçıvana kommunikasiyalar açılmayıb. Odur ki, tərəflərin maraqları təmin edilməyib. Üstəlik, sülh sazişi də imzalanmayana qədər silahlar danışacaq”.

Bunu Reyting.az-a politoloq Fərhad Mehdiyev Azərbaycan və Ermənistanın Praqa və Vaşinqton razılaşmasına, eləcə də Astanada xarici işlər nazirləri arasında baş tutan görüşə baxmayaraq, iki ölkənin sərhədində, eyni zamanda rus sülhməramlıların nəzarət etdiyi ərazilərdə Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulmasının səbəblərindən danışarkən bildirib.

F. Mehdiyev tərəflərin sülh sazişi imzalamasını vacib sayır:

“Düşünürəm ki, sülh sazişi imzalanmayana qarşıdurma davam edəcək. Eləcə də 12-13 sentyabrda baş verən qarşıdurmaya bənzər hadisələrin təkrarlanacağını istisna etmirəm”.

Professor F. Mehdiyev deyib ki, Praqa görüşündə tərəflərin bəyanat verib, bir-birinin ərazi bütövlüyünü tanıması müsbət haldır:

“Ola bilsin ki, Paşinyan sülh sazişini imzalamağa hazırdır. Amma Ermənistanda Rusiya ilə əlaqəsi olan güclü qüvvələr var. Belə qüvvələr Ermənistan ordusunda daha çoxdur. Mümkündür ki, onlar da sakit durmur və vəziyyəti gərginləşdirir. Məncə, əsas səbəblərdən biri də budur. Digər tərəfdən, Ermənistanın sərhədə Avropadan missiya gətirməsi Rusiya tərəfindən xoş qarşılanmır. Ermənistanda Fransa qüvvələrinin olması Moskvanı qane etmir. Mümkündür ki, ordudakı Rusiyaya bağlı qüvvələr prosesi gərginləşdirməklə buna etirazlarını bildirirlər”.

F. Mehdiyev xatırladıb ki, bir müddət əvvəl baş nazir N. Paşinyan Baş Qərargah rəisini çətinliklə vəzifədən kənarlaşdırıb. Amma orduda hələ də bəzi generallar və digər yüksək rütbəli zabitlər var ki, xarici dairələrlə əlaqəlidir və bunları vəzifədən kənarlaşdırmaq üçün Paşinyana zaman lazımdır.

Müsahimizin fikrincə, münaqişə ilə bağlı nə tərəflərin, nə də Rusiya və Qərbin maraqları uyğun olmadığı üçün indiki vəziyyət hökm sürür: “Bu, səbəblərdən biridir. Əslində məncə, münaqişəyə Azərbaycan və Ermənistanın ədalətli baxışları var. İndiki “vəziyyət” heç bir tərəfin ədalətli həll variantına uyğun gəlmir. Ona görə də, indiki vəziyyətdə sülh gözləmək doğru deyil. Sülhün əldə edilməsi üçün nələrsə baş verməlidir. Nəsə dəyişməlidir ki, sülh şəraiti real olsun. Əlbəttə, burada silah həlledici vasitələrdən biridir. Ancaq sonda diplomatiya rol oynamalıdır. Silah heç vaxt münaqişəni həll etmir, sadəcə, bu istiqamətdə təsirli vasitələrdən biri, əsasıdır. Tərəflərin bunu silahsız və ya silahla əldə edəcəyini zaman göstərəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər