12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ərdoğan və Mitsotakis Praqada niyə mübahisə ediblər?
Tarix: 17-10-2022 11:35 | Bölmə: Slayd
Ərdoğan və Mitsotakis Praqada niyə mübahisə ediblər?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstan baş naziri Kiriakos Mitsotakis arasında baş verən qızğın mübahisənin təfərrüatları ortaya çıxıb. Reyting.az xəbər verir ki, bununla bağlı təfərrüatları ABŞ-ın “The New York Times” qəzeti yazıb.

Xatırladaq ki, Avropa Siyasi Birliyinin ötən həftə Praqada keçirilən ilk zirvə toplantısında bütün liderlərin qatıldığı şam yeməyində Ərdoğanla Mitsotakis arasında mübahisə baş verdiyi iddia edilib, daha sonra Ərdoğan mövzu ilə bağlı açıqlama verib.

“The New York Times” həmin gün baş verənlərin təfərrüatlarını paylaşaraq Ankara-Afina böhranını şərh edib.

Qeyd edək ki, Türkiyə ilə Yunanıstan arasındakı gərginlik qarşılıqlı açıqlamalarla daha da kəskinləşib.

Bildirilir ki, Avropa Siyasi Birliyinin ilk sammitində gərginlik artıb. Bütün liderlərin qatıldığı şam yeməyində Ərdoğanla Mitsotakis arasında baş verən mübahisə barədə avropalı diplomat və orada olan iki yüksək vəzifəli avropalı məmur danışıb.

İddiaya görə, Mitsotakis danışarkən Ərdoğan onun sözünü kəsib. Ərdoğan otaqdan çıxmazdan əvvəl Mitsotakisi Şərqi Egeydəki mübahisələrin həllində qeyri-səmimilikdə ittiham edib, onun Yunanıstan və Kiprin tərəfini tutaraq Avropa İttifaqı üzvlərinə üz tutmasını pisləyib.

Avropa Birliyinin orada olan nümayəndəsinin sözlərinə görə, Ərdoğan həm də Avropa İttifaqının üzvlərini Yunanıstan və Kiprin tərəfində olmaqda ittiham edib.

Mənbələrin bildirdiyinə görə, bütün bunlar davam edərkən qəfildən otaqda soyuqluq yaranıb. Orada müxtəlif ölkələrdən olan yüksək səviyyəli şəxslərin bəziləri yeməyə davam etdiyi, bəzilərinin isə əsəbiləşdiyi bildirilir.

Prezident Ərdoğan ötən həftə baş verənlərlə bağlı suala belə cavab verib:

“O, protokol qaydalarını bilməyən adamdır. Bilmirəm, kimdən necə icazə alıb, mənimlə danışmağa çalışıb”.

Qəzet yazıb ki, əksər analitiklər Yunanıstan ilə Türkiyə arasında müharibə ehtimalını real saymasalar da, avropalı diplomatlar iki ölkə arasında qəzaların baş verə biləcəyi qənaətindədirlər.




Bölməyə aid digər xəbərlər