12:36 / 14-06-2025
Sabah yağış yağacaq
İran yenə “böyük şeytan”ı ittiham edir - Xaosla üzləşən molla rejimi Araz sahilində gücünü sınayır
Tarix: 17-10-2022 14:39 | Bölmə: Slayd
İran yenə “böyük şeytan”ı ittiham edir - Xaosla üzləşən molla rejimi Araz sahilində gücünü sınayır

İranda mövcud rejimə qarşı başlayan etirazlar fonunda bu ölkənin ABŞ ilə münasibətləri daha da gərginləşir. İran prezidenti İbrahim Rəisi deyib ki, ABŞ İrandakı nümayişləri dəstəkləyir, bu yolla iranlıları ümidsizliyə və xaosa məhkum etməyə çalışır. ABŞ-ı “böyük şeytan” adlandıran Rəisi bölgədəki terror, xaos və təxribatların ABŞ rəhbərliyi tərəfindən dəstəkləndiyini iddia edib.

Reyting.az
-ın məlumatına görə, ABŞ lideri C. Baydeni ittiham edən İ. Rəisi bildirib ki, ABŞ prezidenti öz bəyanatları ilə başqa ölkələrdə xaos və terroru qızışdırır.

ABŞ-ın İrana qarşı əməliyyatlarından və hücumlarından da söz açan Rəisi deyib ki, ölkəsinə qarşı olan planlar iflasa uğrayacaq.

Rəisidən əvvəl isə İranın ali dini lideri Ayətullah Əli Xamnəi ölkədə baş verən hökumət əleyhinə etirazlara münasibət bildirib. İran İslam Respublikasını “köklü ağac”a bənzədən Xamnəi “Bu fidan indi güclü ağacdır və onun kökünü kəsə biləcəyini düşünməyə kimsə cürət etməməlidir”,- deyib.



“Euronews”-un məlumatına görə, Xamnəi etirazları “İranın böyük və yenilikçi inkişafı və hərəkatlarına qarşı düşmənin passiv və bacarıqsız dizaynı” kimi qiymətləndirib:

“Bunlar düşmənlərin təşkil etdiyi səpələnmiş qiyam aktlarıdır. Son hadisələrdə düşmənin rolu və müdaxiləsi hamıya, hətta qərəzsiz xarici ekspertlərə də aydındır. Bu hadisələr kor-təbii daxili məsələ deyil. Təbii ki, düşmənlər bəzi sahələrdən istifadə etmişlər, amma düşmənin hərəkətləri indi tam göz qabağındadır, məsələn, təbliğat aparmaq, şüurlara təsir etməyə çalışmaq, həyəcan yaratmaq, kostik maddələri təbliğ etmək və hətta göstərmək kimi”.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian isə İranın çevriliş və ya rəngli inqilabların baş verə biləcəyi ölkə olmadığını deyib və etirazları “terror aktı” kimi qiymətləndirib. Nazir Qərb ölkələrini səmimi olmamaqda da ittiham edib.

Ekspertlərin fikrincə, İran rejimi diqqəti daxili etiraz və problemlərdən yayındırmaq məqsədilə “xarici düşmən” axtarışına çıxıb. Halbuki İranda kifayət qədər problemlər var və əhalinin etirazı həm də hüquqsuzluğa qarşıdır.

Qeyd edək ki, İranın ən təhlükəli həbsxanası olan Evində baş verən yanğınlar nəticəsində 8 nəfər ölüb. Bu yanğının da təsadüfi olmadığı, nəticədə kimlərinsə “aradan götürüldüyü” iddia olunur.

İran rejimi ehtiyat edir ki, ABŞ başda olmaqla kollektiv Qərb bu ölkədə xaosu tətikləyə və beləcə, İran qarışa bilər. Məhz bu səbəbdən də İran rəsmiləri açıqlama və bəyanatlar verməklə əhalini öz xeyrinə “oyatmağa” çalışır.



Ancaq müşahidələr göstərir ki, İran daxili problemlərini həll etmək əvəzinə qonşularına “xox” gəlmək yolunu tutur. Məsələn, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunları bu gün Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin şimalında yerləşən Araz çayı ərazisində hərbi təlimlərə başlayıb. SEPAH-ın generallarından olan Məhəmməd Pakpur faktı təsdiqləyib.

Görünən budur ki, İran xaosdan qaçmaq əvəzinə xarici siyasətdə gərginlik xəttini tutur. Nəticədə isə bunun zərbəsi özünə dəyəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər