12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Döyüş təyyarələri havaya qalxır - Avropada nüvə müharibəsi həyəcanı artır
Tarix: 17-10-2022 19:56 | Bölmə: Slayd
Döyüş təyyarələri havaya qalxır - Avropada nüvə müharibəsi həyəcanı artır

Amerikanın məşhur “B-52” bombardmançı təyyarələrinin havaya qalxmasına bir neçə saat qalmış Rusiyaya məxsus nüvə reaktiv təyyarələrinin Finlandiya və Norveç sərhəddində peyda olması dünyada gərginliyi artırıb.

Reyting.az
bildirir ki, Rusiyanın Ukraynaya hücumu ilə sanki dünyanın nizamı pozulub, NATO və rəsmi Moskva 1962-ci il Kuba raket böhranından sonra nüvə müharibəsinə ən yaxın vəziyyətdədirlər.

Rusiya prezidenti Putinin nüvə müharibəsi xəbərdarlığı dünyada ciddi narahatlığa səbəb olub, ABŞ prezidenti Bayden isə deyib ki, dünya 60 ildən sonra ilk dəfə Armageddonla üz-üzədir.



Xatırladaq ki, 1962-ci ildə, soyuq müharibənin qızğın çağında, o vaxt ABŞ prezidenti Con Kennedi və Sovet İttifaqının rəhbəri Nikita Xruşşov Kubada sovet raketləri səbəbindən nüvə müharibəsi astanasına gəlmişdilər.

Kreml NATO-nun Şərqə doğru genişlənməsini Ukraynaya müdaxilə üçün bəhanə kimi istifadə edərkən, gözlər Hərbi Alyansın hər il müntəzəm olaraq həyata keçirdiyi nüvə qarşısının alınması təlimi olan “Sabit Günorta”ya çevrilib. Ukraynada müharibənin davam etdiyi bir vaxtda, bu gün başlayan təlimdə 60 təyyarə iştirak edir.

Təlimlər Belçika ilə birlikdə Şimal dənizi və İngiltərə hava məkanında keçirilir. Təlimlərdə Amerika bombardmançısı “B-52”lər də havaya qalxacaq.

NATO çox təfərrüatları paylaşmadığı təlimin Rusiyanın Ukraynaya müdaxiləsinə reaksiya olaraq planlaşdırılmadığını bildirir.



“Sabit Günorta” təlimində ağır silahların səhnəyə çıxmayacağına diqqət çəkən NATO rəsmisi deyib ki, təlimin Ukrayna prosesi ilə əlaqəsi yoxdur və oktyabrın 30-na qədər davam edəcək. NATO-dakı digər mənbələr isə bu təlimləri Alyansın mümkün nüvə müharibəsinə hazır olması barədə daha güclü mesaj vermək istəyi ilə əlaqələndirirlər.

NATO-nun “Sabit Günorta”sına cavab olaraq Rusiya da çoxdan planlaşdırdığı nüvə təliminə başlayır. “Qrom” adlı təlimdə nüvə başlıqları daşıyan döyüş təyyarələri havaya qalxacaq və sualtı qayıqlardan raketlər atılacaq. Rusiya həmçinin Belarusun “SU-25” təyyarəsinin nüvə silahı daşıya bilməsi üçün avadanlıqlarını əsaslı təmir edib.

Ukraynaya müdaxilədən əvvəl də daxil olmaqla, Rusiyanı addım-addım izləyən ABŞ kəşfiyyatı son həftələrdə bu ölkənin nüvə silahlarının hərəkətlərini diqqətdə saxlayır.

Putinin Ukraynaya hücum əmri ilə onilliklərlə davam edən neytrallığına son qoyan və NATO-ya üzvlük üçün müraciət edən Finlandiyada artıq nüvə həyəcanı başlayıb. Finlandiya və Norveç sərhədlərinin ətəyində yerləşən Olenya aviabazasının peykdən çəkilmiş görüntüləri V. Putinin nüvə addımını üzə çıxarıb. Avqustun 12-də çəkilmiş peyk görüntüləri Olenya aviabazasında heç bir strateji bombardmançı olmadığını göstərir. Lakin 21 avqust tarixli fotoşəkillərə görə, Moskva Olenyaya dörd uzaqmənzilli “TU-160” bombardmançı təyyarəsi yerləşdirib.



“Planet Lab”-ın oktyabrın 7-də dərc etdiyi görüntülər nüvə başlıqları daşıya bilən strateji bombardmançıların sayının 11-ə yüksəldiyini sübut edir.
Təyyarələrdən yeddisi “TU-160”, dördü isə Şimal qütbünə yaxın olan Olenya aviabazasında yerləşdirilən “TU-95”-dir.

Sentyabrın 30-da Rusiyanın strateji bombardmançılarının Finlandiya yaxınlığında yerləşdirildiyini yazan İsrailin “Jerusəlim Post” qəzeti Rusiyanın şimal-qərb ucundakı hərəkəti “qeyri-adi yerləşdirmə” kimi təsvir edib. Nüvə bombardmançı təyyarələrinin İsrail kəşfiyyat şirkəti “ImageSat International” tərəfindən təsbit edildiyini yazan qəzet, “TU-160” və “TU-95”in yeni yerlərini də “qaydasız varlıq” kimi xarakterizə edib.



Sovet İttifaqı tərəfindən hazırlanmış “Armageddon-Qiyamət günü” təyyarələri adətən Rusiyanın paytaxtı Moskvadan təxminən 725 kilometr cənub-şərqdə yerləşən Engels aviabazasında olurdu. İndi strateji nüvə bombardmançı təyyarələri NATO üzvü Norveçdən cəmi 185 kilometr məsafədədir.

“White Swan” kimi tanınan “TU-160”-ın NATO kod adı Blackjackdir. 1970-ci illərdə Sovet İttifaqı tərəfindən dizayn edilmiş səsdən sürətli strateji bombardmançı təyyarə dünyada indiyə qədər istehsal edilmiş, “Mach 2+”ni keçə bilən və hazırda istifadə edilən ən böyük döyüş təyyarəsidir. Nəhəng reaktiv təyyarə 40 ton ağırlığında silah daşıya bilir. İlk dəfə 1981-ci ilin dekabrında uçan “Ağ Qu” quşunun uçuş məsafəsi 12230 kilometrdir. Bu məsafə o deməkdir ki, təyyarə ABŞ-ın ən qərb hissəsində yerləşən Los-Anceles şəhərinə asanlıqla çata bilər.



Ayı kimi tanınan “TU-95” daha sürətlə uçan yeganə strateji bombardmançı təyyarədir. İlk dəfə 70 il əvvəl havaya qalxan “TU-95”-dən 2015-ci ildə Suriyada real döyüşlərdə istifadə edilib.

Reyting.az





Bölməyə aid digər xəbərlər