12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Etibar Məmmədov: “Rusiya döyüş meydanında məğlub vəziyyətdədir”
Tarix: 18-10-2022 18:32 | Bölmə: Slayd
Etibar Məmmədov: “Rusiya döyüş meydanında məğlub vəziyyətdədir”

“Rusiya-Ukrayna müharibəsində qüvvələr balansı Rusiyanın xeyrinə dəyişməyib. Rusiyanın köhnə müharibə taktikası belədir ki, döyüş meydanında üstünlüyü əldə edə bilməyəndə mülki əhali hədəfə alınır, mülki obyektlər vurulur. Bu yolla öz uğursuzluqlarını ört-basdır etməyə çalışır. Beləcə, həm öz daxili cəmiyyətində qələbə və güclü olması obrazı yaradılır, həm də qarşı tərəfin ruhunu sındırmağa cəhd edir”.

Bunu Reyting.az-a Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov Rusiya-Ukrayna müharibəsindəki son vəziyyətdən danışarkən deyib.

E. Məmmədov əlavə edib ki, Ukraynada mülki əhalinin və infrastrukturun fasiləsiz vurulması uzun müddət davam edə bilməz. Çünki Rusiyanın resursları buna imkan verməyəcək.

İkincisi, Ukraynanın mülki, xüsusilə enerji infrastrukturunun dağıdılması ABŞ başda olmaqla, Qərbi ağıllandıracaq və onlar anlayacaq ki, Ukraynaya daha çox kömək etmək lazımdır.

AMİP lideri Qərbin Ukraynaya konkret hansı istiqamətdə kömək etməli olduğunu da açıqlayıb:

“Birincisi, Ukraynanın hava məkanı bağlanmalıdır ki, belə hücumların qarşısı alınsın.

İkincisi, Ukraynaya kifayət qədər ciddi kömək edilməlidir ki, onlar əks-hücum əməliyyatlarını genişləndirərək öz torpaqlarını işğaldan azad etsinlər”.

E. Məmmədov əminliklə qeyd edib ki, artıq Rusiya döyüş meydanında məğlub vəziyyətdədir: “Mən hesab edirəm ki, müharibə hələ çəkəcək. Çünki Rusiya asanlıqla təslim olmaq istəməyəcək. Məncə, razılaşmaya gedilməsini Putin özünün şəxsi kapitulyasiyası kimi qəbul edir. Odur ki, normal şərtlərlə razılaşmanı yaxına buraxmır. Ona görə də elə vəziyyət yaradılmalıdır ki, Putin fakt qarşısında qalsın və onun öz cəmiyyəti müharibəni dayandırmağı ondan tələb etsin. Açığı, rus cəmiyyəti sağlam deyil, şovinizm xəstəliyinə tutulub. Onlar hətta Putindən tələb edə bilərdi ki, bütövlükdə Avropanı nəzarətinə keçirsin. Amma vəziyyət onların istəyinə uyğun getmədi”.

E. Məmmədov Rusiya lideri V. Putinin Ukrayna müharibəsinə görə peşman olmadığı haqda fikirlərini də şərh edib:

“Putin deyə bilməz ki, mən peşmanam və düz eləməmişəm. Onun peşman olmadığını deməsi təbiidir”.

E. Məmmədov sonda diqqətə çatdırıb ki, Ukrayna ordusu yaxın vaxtlarda Xersonu işğaldan azad edə bilsə, müharibədə vəziyyət kökündən dəyişəcək.

Reyting.az





Bölməyə aid digər xəbərlər