12:36 / 14-06-2025
Sabah yağış yağacaq
İranda Ermənistanı niyə sevirlər?
Tarix: 19-10-2022 12:52 | Bölmə: Slayd
İranda Ermənistanı niyə sevirlər?

Səməd Vurğunun “Vaqif”ində İbrahim Xəlil xan deyir:

“O yandan Türkiyə, bu yandan İran,

Burdan da Rusiya göndərir fərman”.


Təxminən 200 ildir dəyişməyən həqiqət!

Və “bu yandan İran...”

İranın Qafqaz siyasəti müəyyən mənada köhnə qəliblərdən çıxmayıb. Ənənəvi baxış Qafqazı “İran mülkü”, yaxud İranın arxa bağçası kimi görmədir.

İstər dövlətin idarəçiliyindəki səlahiyyətlilər, istər beyin mərkəzlərindəki strateqlər, istərsə də akademik dairələrdə oturan politoloqların böyük qismi Cənubi Qafqaza bu baxış bucağı ilə yanaşır. Və bu mövzuda Azərbaycan-Ermənistan, yaxud Ermənistan-Gürcüstan fərqi demək olar ki, qoyulmur.

Tehranın vahid Qafqaz siyasətində, əlbəttə, müəyyən istisnalar var.

Bürokratiyada, sadalanmış qurumlarda zahirdə islamçı qılafına girmiş, amma batində keçmişin xiffəti (“İran-e bastani” - “qədim İran”) ilə yaşayan, irqçi düşüncəli yetərli sayda şəxs taparsan. Buna əyani nümunələrdən biri - keçmiş səfir, bugünkü universitet professoru Əbülfəzl Zöhrəvənd.

Onunkimilərin zehnində ermənilər Cənubi Qafqazda İrana ən sədaqətli etnosdur (Halbuki Nəfisi, Rain və digər iranlı tarixçilər bunun əksini isbatlayıblar). Dəlillər arasında hətta ermənilərin tarixi keçmişdəki missiyasına istinada da rast gəlinir. Söhbət Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Qacarlar (mən daha qədim çağları sadalamıram) varlı erməni təbəqəsinin, ticarət burjuaziyasının Qərblə (habelə Rusiya ilə) körpü rolunu oynamasından gedir.

Bu, tarixi həqiqətdir, kimin necə qəbul etməsindən asılı olmayaraq. Amma bu gün üçün yararlı amil deyil. (İrandakı köklü, tarixi bir neçə əsrə gedib çıxan böyük erməni icmasının təbliğatı, ictimai rəyə təsiri nəzərdən qaçırılmamalıdır).

Bununla belə, Ehsan Movahedian kimiləri deyir ki: “Tanrı Məsihə and olsun, sizə kömək etməyə hazırıq. Hər cür köməyə! Silah tutmağı bacarsaydım, buna da hazır olardım!”

Dərhal “rus, fars, erməni...” deməyə tələsməyin. Bu cür danışan o qədər İran azərbaycanlısı var ki!

“Bədii hissə”dən “rəsmi hissə”yə keçid edirəm:

Qafqazda baş verən proseslərə İranın yanaşmasının mahiyyətini xarici siyasət sahəsi üzrə ixtisaslaşmış 384 tədqiqatçı və analitik (Tehran (Əllamə Təbatəbai), Təbriz, Gilan, Şiraz, Kirmanşah universitetləri) arasında aparılan sorğuda (Tehran Araşdırmalar və Beynəlxalq Tədqiqatlar İnstitutu) əyani görmək mümkündür.

Respondentlərin 52%-i Qafqaz regionunda gərginliyin yeni raundunu regional aktorların fəallığı ilə əlaqələndirib. 31%-i bunu Rusiya-Ukrayna müharibəsinə görə Kremlin Qafqazda tarazlaşdırıcı rolunun azalması ilə izah edib. Respondentlərin qalan hissəsi tərəflərdən birinin və ya hər ikisinin (Azərbaycan və Ermənistan) razılaşmalara əməl etməməsi, eləcə də böyük dövlətlərin müdaxiləsini gərginliyin artmasının səbəbi sayır.

Sorğu iştirakçılarının 41%-i bölgədə proseslərin axarını Türkiyənin maraqlarına uyğun getməsi rəyindədir.

34% bu hadisələrin Azərbaycanın maraqlarına uyğun olduğunu düşünür, qalanları bunu digər aktorların mənafeyinə uyğun bilir.

Respondentlərin 57%-i hesab edir ki, Azərbaycan hökumətinin siyasətinə Türkiyə daha çox təsirə malikdir, 24%-i isə bu məsələdə İsraili ən nüfuzlu dövlət sayır.

İslam Respublikasının xarici siyasətində Qafqaz regionunun prioritet mövqeyi barədə suala cavab olaraq respondentlərin 43%-i geosiyasi və geostrateji maraqları üstün tutur, 26%-i mədəni-sivilizasiya əlaqələrini ilk sıraya çıxarır. Həmçinin, iqtisadiyyat və ticarətə 18%, təhlükəsizliyə 13%-lik yer ayrılır.

Respondentlərin 53%-i Cənubi Qafqazda sərhədlərinin dəyişdirilməsinə qarşı çıxmaqla bunu Tehranın xarici siyasətinin mühüm tərkib hissəsi hesab edir.

18%-i təhlükəsizliyə istinadla regiondankənar qüvvələrin təhdid yönümlü mövcudluğuna görə dəyişikliyə qarşıdır.

15%-i bunun İranın geoiqtisadiyyatına zərər vura biləcəyi və 14%-i etnosentrizm əleyhinə və separatçı hərəkatlara təkan verə biləcəyinə istinad edir.

Sorğu iştirakçılarının 57%-i Qafqaz regionunda siyasi diplomatiyanın prioritet olduğunu vurğulayıb. 21% iqtisadi diplomatiya və 17% mədəni diplomatiyaya üstünlük verib.

Digər tərəfdən, İran İslam Respublikasının bölgədəki son hadisələrlə bağlı hərəkətlərini respondentlərin 43%-i passiv neytrallıq kimi səciyyələndirib; 31%-i çoxtərəfli diplomatiya; qalan hissəsi isə İslam Respublikasının hərəkətlərini gizli diplomatiya və aktiv neytrallıq siyasətitək qiymətləndirib.

39%-in fikrincə, diplomatik sistemin indiyə qədər həyata keçirilən tədbirləri Qafqaz regionunda digər aktorları passivləşdirib. 36% isə Qafqaz regionunda gedən proseslərdə ölkə diplomatiyasının səmərəsizliyini vurğulayıb. Eyni zamanda, 19% gərginliyi idarə etmək üçün İranın səyinə inanır.

Respondentlərin 46%-i mövcud vəziyyəti İranın xarici siyasətinə təsir edən qurumların səmərəsizliyi ilə əlaqələndirib.

33% regional rəqiblərin üstünlüyünü mövcud vəziyyəti gərginləşdirmə faktoru ilə əlaqələndirib.

Hazırkı aktivlik formasının səbəbi kimi sanksiyalara 11% istinad edib və etnik gərginliklə bağlı narahatlığı 10% dilə gətirib.

Sorğunun mühüm məqamı:

respondentlərin 43%-i regiondakı geosiyasi dəyişikliklərlə qarşı İranın təhlükəsizlik tədbirləri və hərbi qüvvələrinin çəkindirici olması rəyindədir.

Respondentlərin 28%-i İslam Respublikası, Rusiya və Ermənistanın üçtərəfli əməkdaşlığının tərəfdarıdır. Onlar İranın geosiyasi dəyişikliklərlə məşğul olmasını prioritet hesab edir.

Digərləri Ermənistanla hərbi əməkdaşlığa, Azərbaycanla isə siyasi diplomatiyaya üstünlük verirlər.

Əziz RZAZADƏ




Bölməyə aid digər xəbərlər