12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Azərbaycan ilə Türkiyə Araz sahilində hərbi təlimlər keçirə bilər
Tarix: 20-10-2022 20:17 | Bölmə: Slayd
Azərbaycan ilə Türkiyə Araz sahilində hərbi təlimlər keçirə bilər

“Azərbaycan da Türkiyə ilə birlikdə Araz çayının sahilində hərbi təlimlər keçirə bilər. Düşünürəm ki, bizim hərbi rəhbərliyimiz bu barədə fikirləşir. Hazırda İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi isə bizə qarşı əzələ nümayişidir, bunun başqa adı yoxdur”.

Bunu Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov İran İnqilab Keşikçiləri Korpusuna bağlı hərbi birliklərin Araz çayının sahilində keçirdiyi hərbi təlimləri Reyting.az-a şərh edərkən deyib.

R. Musabəyov əlavə edib ki, Azərbaycan əraziləri 25 ildən çox Ermənistanın işğalı altında qalanda İran orada təlimlər keçirərək ermənilərə əzələ nümayiş etdirmədi: “Amma indi bunu Azərbaycana qarşı edirlər. Həm də bunu təkcə Azərbaycana qarşı deyil, İranda yaşayan azərbaycanlılara qarşı edirlər. Onları da qorxutmaq niyyətləri var. Çünki İrandakı rejim laxlayır. Azərbaycanlılar ayağa qalxarsa, mövcud rejimin ömrü uzun çəkməz”.

R. Musabəyov diqqətə çatdırıb ki, Azərbaycan da öz ərazisində asanlıqla belə təlimlər keçirə bilər: “Buna İranın reaksiyasının necə olacağı isə artıq məni maraqlandırmır. Çünki onların davranışı göstərir ki, yalan danışırlar”.

Politoloq bildirib ki, İran islam həmrəyliyindən bəhs etsə də, Ermənistana silah satmağa hazırlaşır: “Bəs harada qaldı bunların islam həmrəyliyi? Azərbaycanla qardaş münasibətləri harada qaldı? Odur ki, İranın bu məsələyə reaksiyası məni maraqlandırmır”.

Musabəyovun sözlərinə görə, İranı narahat edən həm də Zəngəzur dəhlizidir: “Onlar istəyirlər ki, heç bir dəhliz olmasın, yol İran ərazisindən keçsin və onların nəzarətində qalsın. Amma mən düşünürəm ki, dəmir yolunun açılmasında Rusiya da maraqlıdır və bu yol tikiləcək”.

Deputat xatırladıb ki, Ermənistan avtomobil yolu ilə bağlı müəyyən bəhanələr gətirir: “Bizə təklif edirlər ki, Qazaxdan Ermənistana daxil olmaqla Ermənistanın yarısını fırlanıb Naxçıvana daxil olaq. Biz də öz növbəmizdə Laçın yolunu bağlayaraq ermənilərə təklif edə bilərik ki, elə Qazax rayonundan daxil olmaqla Şəmkiri, Gəncəni keçərək Ağdama daxil olsunlar və buradan Qarabağdakı ermənilərlər əlaqə saxlasınlar. Görək bu təklif onların xoşuna gələcəkmi?”.

Reyting.az




Bölməyə aid digər xəbərlər