12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Laçında iki nəfər minaya düşüb, biri ölüb - Açıqlamalar (Yenilənib)
Tarix: 22-10-2022 10:09 | Bölmə: Slayd
Laçında iki nəfər minaya düşüb, biri ölüb

Oktyabrın 21-də Laçın rayonunun Suarası kəndində, minalardan təmizlənməmiş ərazidə 2 nəfər piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət alıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Reyting.az-a bildirilib ki, ilkin məlumata əsasən, hadisə nəticəsində Həmidov Elsəvər Sovet oğlu və Həsənov Səbuhi Telman oğlu xəsarət alıb: "Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək".

***

Laçın rayon prokurorluğu iki nəfərin minaya düşməsi ilə bağlı araşdırma aparır.

Reyting.az
rayon prokurorluğuna istinadən xəbər verir ki, oktyabrın 21-i Laçın rayonunun işğaldan azad edilmiş Suarası kəndi ərazisində 2 nəfər şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparan Elsevər Həmidov və Səbuhi Həsənovun minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

***

Laçında minaya düşən şəxslərin müalicəsi davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı bildirib ki, hadisə bu gün axşam saat 19:00 radələrində rayonun Suarası kəndində baş verib.

Belə ki, kənd ərazisində təmir-tikinti işləri ilə məşğul olan 2 nəfər mina partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal polis əməkdaşlarının və Daxili qoşunların hərbi qulluqçularının müdaxiləsi nəticəsində xəstəxanaya çatdırılıb.

***

Ötən gün Laçın rayonunda minaya düşən şəxslərdən biri vəfat edib, digərinin isə vəziyyəti qənaətbəxşdir.

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib ki, oktyabr 21-də Laçın rayonunun Suarası kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlaması nəticəsində ağır xəsarət alan 1977-ci il təvəllüdlü Həmidov Elsəvər Sovet oğlu həlak olub.

Qeyd edilib ki, 1977-ci il təvəllüdlü Həsənov Səbuhi Telman oğlu bədənin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb, vəziyyəti qənaətbəxşdir.

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli və diqqətli davranmağa çağırıb.




Bölməyə aid digər xəbərlər