12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Zərdüşt Əlizadə: “Rusiya Qarabağ probleminin birdəfəlik həllində maraqlı deyil”
Tarix: 27-10-2022 13:33 | Bölmə: Slayd
Zərdüşt Əlizadə: “Rusiya Qarabağ probleminin birdəfəlik həllində maraqlı deyil”

“Bütün dövlətlər arasında mübahisəli və mübahisəsiz məqamlar olur. Hətta yaxın müttəfiqlərin də bəzi məsələlər ətrafında fikir birliyi olmur. Təbii ki, maraqlar da bəzi hallarda uyğunlaşır, bəzi hallarda toqquşur. Azərbaycan ilə Rusiya arasında münasibətlər isə ümumilikdə müsbət əlaqələr kimi qiymətləndirilir”.

Bunu politoloq Zərdüşt Əlizadə Azərbaycan-Rusiya münasibətlərini şərh edərkən Reyting.az-a deyib.

Z. Əlizadə bildirib ki, Azərbaycan maliyyə, eneretika, silah baxımından Rusiyadan asılı olmasa da, amma Rusiyanın böyük siyasi-hərbi qüvvə olduğunu anlayaraq özünü ehtiyatlı aparır və özünə süni problemlər yaratmır.

Politoloq Rusiya ilə Azərbaycan arasındakı hazırkı münasibətləri ümumilikdə müsbət qiymətləndirir: “İndi Rusiya daxilində hansısa bir qüvvə öz ölkəsində televiziya kanalında Azərbaycan əleyhinə fikir səsləndirib. Bizim də televiziya kanalımızda buna uyğun fikir səsləndirilir. Lakin bu o demək deyil ki, prezident İlham Əliyev prezident Vladimir Putinlə görüşəndə mübahisə edəcəklər. Belə bir şey yoxdur”.

Əlizadə əlavə edib ki, əslində Qarabağ problemini yaradan, onun uzun illər davam etməsinə nail olan və birdəfəlik həllində maraqlı olmayan da Rusiyadır:

“Bəli, bu, problemdir. Ancaq problemləri də həll etmək dövlət başçılarının, siyasətçilərin işidir. Yəni problem yaratmasınlar, mövcud problemləri həll etsinlər. Buna da təbii yanaşmaq lazımdır. Şəxsən mən bu problemin həllini mümkün sayıram. Rusiya çox şey istəyir, bizim də siyasi məharətimiz onda olmalıdır ki, belə istəkləri neytrallaşdıra bilək. Hələlik bunu bacarırıq. Biz bilməliyik ki, dövlət başçılarının məharətindən, mövcud şərtlərdən, xarici ölkələrin müdaxiləsindən çox şey asılıdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər