12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Professor: “Sülhyaratma prosesi beynəlxalq güclərin yarış meydanına çevrilir”
Tarix: 27-10-2022 16:19 | Bölmə: Slayd
Professor: “Sülhyaratma prosesi beynəlxalq güclərin yarış meydanına çevrilir”

“Nizamlama məsələsi elə mərhələdədir ki, sülhyaratma prosesi daha çox supergüclərin rəqabətinə bənzəyir. Sülhyaratma prosesinə qatılan supergüclər, xüsusilə Rusiya özünün strateji maraqlarını daima ön plana keçirir, sülhyaratma prosesini isə siyasi manevrlərə çevirməyə çalışır”.

Bunu Reyting.az-a professor Qabil Hüseynli oktyabrın 31-də Rusiyanın təşəbbüsü ilə Soçidə keçirilməsi nəzərdə tutulan İlham Əliyev-Nikol Paşinyan- Vladimir Putin görüşünü şərh edərkən deyib.

Q. Hüseynli əlavə edib ki, 31 oktyabrda Soçidə baş tutacaq üçtərəfli görüşdə nələrin müzakirə ediləcəyini, hansı mövzuda razılıq əldə olunacağını indidən demək çətindir: “Həm də Rusiya Avropa İttifaqı tərəfindən rəqabətə məruz qaldığı üçün mümkündür ki, özünü “göstərməyə” çalışsın. O da mümkündür ki, daha yaxşı formatı təqdim etməyə cəhd göstərsin. Amma doğurdanmı bu, ədalətli və tərəfləri qane edəcək təkliflər olacaq? Bunu demək çətindir”.

Professor diqqətə çatdırıb ki, Cənubi Qafqaz xalqlarının taleyini, bölgədə sülh yaratmağı özlərinin strateji maraqlarına qurban verən spergüclər sülhyaratma prosesini çoxdandan rəqabət və yarış meydanına çeviriblər. Onun sözlərinə görə, Putinin qəfildən hər iki ölkə rəhbərini Soçiyə dəvət etməsi və sülh danışıqlarının təşkili bir qədər qəribə görünür:

“Axı, Brüssel prosesi bir qədər irəliyə gedib, özünün xeyli müsbət nüansları ilə fərqlənir. Belə bir məqamda, irəli gedən sülh prosesinə təkan vermək əvəzinə, ona alternativ çıxarmaq ciddi məntiqi addım təsiri bağışlamır. Bu baxımdan Putinin təşəbbüsü ilə keçiriləcək müzakirələrin prosesi irəlilədəcəyinə o qədər də inanmım yoxdur”.

Görəsən, Rusiya bu gedişlə Brüssel formatını və razılaşmaları pozmağa çalışırmı?

Q. Hüseynli bu suala cavabında deyib ki, Moskva elə əvvəldən prosesi uzatmağa çalışır:

“Rusiya bu qarşıdurmada öz strateji maraqlarını reallaşdırmağa, bölgədə qalmağa və təsirini artırmağa cəhd edir. Bütün hallarda buna nail olur. Doğrudur, indi Rusiya zəifləyib. Amma buna baxmayaraq, öz “sevdasından” əl çəkmək istəmir, prosesin başında getməyə çalışır. Odur ki, bunun səmərə verəcəyini gözləməyə dəyməz”.

Professor sonda deyib ki, əslində işlərin bu qədər uzanmasında Rusiyanın rolu var. Amma o, Rusiyanın bu dəfə məqsədinə çatmayacağını düşünür.

Reyting.az




Bölməyə aid digər xəbərlər