12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Avropa üçün ən pis ssenari... - Havanın soyuması problemləri artırır
Tarix: 02-11-2022 12:39 | Bölmə: Slayd
Avropa üçün ən pis ssenari... - Havanın soyuması problemləri artırır

Rusiya ilə böhrandan sonra Avropa İttifaqı (Aİ) hökumətləri ən pis qış ssenarilərinə hazırlaşır. Avropada iqlim normasından aşağı olan temperatur və təbii qaz ehtiyatlarının qıtlığı mütəxəssislərin çağırışlarını yenidən gündəmə gətirib. Uzun illər Aİ İstehlak Təşkilatının siyasət ofisində çalışmış Jaume Loffredo deyib ki, Rusiya qaz axınının kəsilməsini daha da uzadarsa, avropalılar daha sərt qışla üzləşəcəklər.

Reyting.az
xatırladır ki, Avropanın ən böyük təbii qaz tədarükçüsü olan Rusiya Ukrayna müharibəsindən sonra Aİ-yə qaz axınını kəsib və bununla da böyük enerji böhranının əsası qoyulub.

Mütəxəssislər qaz probleminin digər enerji böhranlarını izləyəcəyini və bu qış Avropada elektrik enerjisinin də kəsilə biləcəyini deyirlər.

Gözlənilən ən pis ssenari Avropada istehsalın dayanmasıdır.

Narahatlıqlardan biri sənaye sahəsində başlayan enerji böhranının COVİD-19-dan sonra kövrəkləşən qlobal iqtisadiyyatda böyük çatlar yaratmasıdır.

İddiaya görə, istilik və sığınacaqla bağlı böhranlar Avropa hökumətlərini yeni siyasi böhrana məruz qoya bilər. Artıq nəqliyyat və kommunikasiyada mümkün nasazlıqlara qarşı böhran masaları qurulub.

Almaniya hökuməti gözlənilən enerji böhranına qarşı 200 milyard avro vəsait ayırdığını açıqlayıb.



Təbii qaz və elektrik enerjisinin bahalaşmasından sonra Yunanıstanda xalq çarəni odun yandırmaqda görür. Keçən il Afinanın cənubundakı Qlifada şəhərətrafı bölgəsində başlayan pulsuz odunpaylama proqramı üçün müraciətlər bu il artıb. Qlifada bələdiyyəsinin rəsmisi deyib ki, artıq 4000 müraciət qəbul edilib. Proqram qış boyu davam edəcək.

Polşa prezidenti Andrzej Duda isə bildirib ki, yerli hökumətlər kömür paylanmasına icazə verən qanunu “mümkün qədər tez” imzalayacaqlar.

Prezident vəziyyətin aktuallığından xəbərdar olduğunu diqqətə çatdırıb.

Polşa parlamentinin ötən həftə təsdiq etdiyi qanun layihəsinə görə, kömür paylamaq səlahiyyəti yerli idarəetmə vahidlərində olacaq. Atılacaq bu addımla kömür paylanmasını sürətləndirmək hədəflənir.

Rusiyadan təbii qaz alışını tamamilə dayandıran Polşaya Norveçdən təbii qaz almağa imkan verən “Baltik boru kəməri” oktyabrın 1-də açılıb.



Qeyd edək ki, Polşanın enerji səbətində kömür mühüm yer tutur. Ölkə həm də evləri qızdırmaq və elektrik enerjisinin istehsalı üçün kömürdən çox istifadə edir.

“British Petroleum” (BP) şirkətinin məlumatına görə, Polşa Almaniya və Ukraynadan sonra Avropada ən böyük kömür ehtiyatına malik ölkədir.

Bu arada Ukrayna Avropaya enerji ixracatını dayandırıb. Prezident Zelenski bəyan edib ki, Rusiyanın hücumları səbəbindən ölkənin enerji sektorunun təxminən 40 faizi sıradan çıxıb.

Beləliklə, havalar soyuduqca, Avropada narahatlıqlar daha da artır.

Reyting.az




Bölməyə aid digər xəbərlər