12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Professor: “İranın Azərbaycana təhlükə yaratması mümkün deyil”
Tarix: 02-11-2022 19:21 | Bölmə: Slayd
Professor: “İranın Azərbaycana təhlükə yaratması mümkün deyil”

“İran konkret olaraq özünü Rusiyaya bağlayıb. Azərbaycanla bağlı gərginlik həm də bununla əlaqəlidir. Eyni zamanda Rusiya və İran faktiki olaraq müasir dünyadan kənardadırlar, izolyasiya olunublar. Bəli, İran da Putin kimi qəfil nəsə edə bilər. Artıq xəbərlər yayılıb ki, Səudiyyə Ərəbistanına hücum edə bilər, bununla bağlı Səudiyyə və ABŞ arasında danışıqlar olub. Nəzərə almaq lazımdır ki, müasir dünyadan nə qədər geridə qalsa da, İran hələ də gücdür”.

Bunu Reyting.az-a professor Əli Abbasov İran-Azərbaycan gərginliyini şərh edərkən deyib.

Ə. Abbasovun fikrincə, indiki münasibətlər sistemində İran Azərbaycana qarşı hər hansı təhlükəli addım ata bilməz: “Əvvəla nəzərə almaq lazımdır ki, İran daxilində ciddi etirazlar var, gənc xanım polisdə öldükdən sonra proses başlayıb. Ehtimal olunurdu ki, həmin xanımın 40 mərasimindən sonra etirazlar səngiyəcək. Amma gördüyünüz kimi, bunun tam əksi müşahidə edilir və etirazlar davamlı xarakter alıb. Belə bir gərginlik yaşayan İranın Azərbaycana nəsə edəcəyi, edə bilməsi qeyri-mümkündür”.

Professor vurğulayıb ki, İranda anti-Azərbaycan bəyanatları var və bu davam edə bilər: “Sözdə nəsə deyirlər, edirlər. Eyni zamanda Ermənistanla sıx əlaqədədirlər. Məsələn, baş nazir Nikol Paşinyan Soçidən birbaşa Tehrana uçdu. Bu da maraqlı nüansdır. Amma indiki halda İranın Azərbaycana qarşı təhlükəli addımlarını proqnozlaşdırmıram”.

Ə. Abbasov qeyd edib ki, Paşinyanın Tehran səfəri zamanı Hindistan-İran-Ermənistan arasında illərdir danışılan Fars körfəzi-Qara dəniz dəhlizinin yaradılması məsələsi də müzakirə edilib, hətta İran dövləti Ermənistanın dağlıq ərazisində 15 kilometrlik tunel çəkilişinin maliyyələşməsini üzərinə götürüb: “Bu, ideyadır, mən inanmıram ki, onu reallaşdırmaq mümkün olsun. Bu üç dövlətdən biri mikroskop dövlətdir. Hindistan isə siyasətini az qala hər il dəyişir, gah Rusiyaya, gah da İrana üz tutur. İran isə faktiki təcrid olunub. Bu səbəbdən qeyd edilən ideyanın həyata keçirilməsi real görünmür”.

Reyting.az




Bölməyə aid digər xəbərlər