12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Daha iki ölkə nüvə ilə silahlana bilər
Tarix: 28-03-2023 09:46 | Bölmə: Slayd
Daha iki ölkə nüvə ilə silahlana bilər

"Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Polşaya nüvə silahı göndərmək üçün "xain planını" qabaqcadan görüb. Martın 25-də Rusiya prezidenti Moskva ilə Minsk arasında Belarus ərazisində taktiki nüvə silahlarının yerləşdirilməsi haqqında sazişin imzalandığını elan edib. Bu barədə qərar Belarus hakimiyyətinin Moskvaya müvafiq sorğu göndərməsindən sonra qəbul edilib. Həm də Vaşinqtonun bir neçə NATO üzvü olan dövlətlə nüvə silahından birgə istifadəyə dair razılaşmaları artıq məlum idi".

Bunu Reyting.az-a Azərbaycan Kommunist Partiyasının rəbəri Ədalət Abdinov deyib.

Ə. Abdinovun sözlərinə görə, V. Putinin həmkarı A. Lukaşenkonun Belarusa taktiki nüvə silahı göndərmək xahişləri ilə razılaşmağa qərar verməsinin səbəbi aydındır: "Əvvəla Minsk artıq Moskvaya bu addımı atmağı təklif edib. Digər tərəfdən, bu, Britaniyanın Ukraynaya uranla döyüş sursatı ötürmək niyyətinə cavab idi. Ancaq hər şey daha geniş miqyasda ola bilər”.

Partiya rəbərinin fikrincə, London Kiyev rejimini tükənmiş uran sursatları ilə təmin edəcəyini bildirdikdən sonra rəsmi qərar verilsə də, əslində bunun ABŞ-ın daha pis planları ilə bağlı olması mümkündür. “Məhz Varşava və Vaşinqton Avropada toplanmış Amerika nüvə silahlarının bir hissəsini Polşaya ötürmək ideyasını irəli sürürlər. Hazırda ABŞ-ın Almaniya, Hollandiya, Belçika, İtaliya və Türkiyə ilə nüvə silahından birgə istifadəyə dair razılaşması var. Beş ölkənin hamısında 100-ə yaxın taktiki nüvə silahı var, onların əksəriyyəti havadan buraxılandır",- Ə. Abdinov əlavə edib.

Xatırladaq ki, son illər Polşa dəfələrlə “nüvə beşliyi”nə qoşulmağa hazır olduğunu bəyan edib. Amerika hakimiyyəti isə bu məsələyə ikitərəfli şərh verir.

Ə. Abdinov diqqətə çatdırıb ki, ötən il mayın 5-də ABŞ-ın Varşavadakı səfiri Georgette Mosbaher ölkəsinin Almaniyada yerləşən nüvə silahlarının Polşaya köçürülməsini təklif edib. “Ukrayna münaqişəsinin başlaması ilə bu barədə daha çox söz-söhbət yarandı və 2022-ci ilin oktyabrında Polşa prezidenti Anjey Duda ABŞ-la ölkəsinin ərazisində nüvə silahının yerləşdirilməsi məsələsini müzakirə etməsi ilə öyündü. Maraqlıdır ki, Vaşinqton dərhal özünə haqq qazandırmağa çalışdı və belə addımları planlaşdırmadığını bildirdi, lakin Moskva lazımi nəticələr çıxardı: Polşada nüvə silahı zaman məsələsidir", - Ə. Abdinov əlavə edib.

Onu da qeyd edək ki, Ukrayna iki gün öncə Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirmək istəyinə qarşı BMT Təhlükəsizlik Şurasının dərhal növbədənkənar iclasının çağırılmasını tələb edib. Ukrayna Xarici İşlər Nazirliyi müraciətində bildirir ki, Rusiya Federasiyasının Belarus ərazisində taktiki nüvə silahı yerləşdirmək niyyəti Nüvə Silahının Yayılmaması haqqında Müqavilənin əsaslarını, nüvə tərksilahının arxitekturasını və beynəlxalq müdafiə sistemini pozur.

E. KAMAL
Reyting.az






Bölməyə aid digər xəbərlər