12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Qarabağ separatçıları acınacaqlı vəziyyətdə: gün ərzində 1,6 milyon dollar itirirlər
Tarix: 01-04-2023 23:45 | Bölmə: Slayd
Qarabağ separatçıları acınacaqlı vəziyyətdə: gün ərzində 1,6 milyon dollar itirirlər

İkinci Qarabağ müharibəsindən sonra bölgədəki ermənilər iqtisadi və sosial problemlərini necə həll edirlər? Ermənistanın keçmiş maliyyə naziri Vardan Abramyanın hazırladığı və bugünlərdə yayımlanan hesabatı bu baxımdan diqqət çəkir. Bu hesabata görə, azərbaycanlıların Şuşa yolunda başladığı etiraz aksiyasından keçən müddət ərzində Xankəndinin iqtisadi itkisi 165 milyon dollardır. Separatçıların nəzarət etdiyi bölgənin gündəlik itkisi isə 1.6 milyon dollar civarındadır.

Reyting.az
xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində bildirilir.

Təhlildə qeyd olunur ki, V. Abramyanın hesabatına görə, hazırkı vəziyyətdə Ermənistanın Qarabağ separatçılarına əlavə olaraq təqdim etdiyi 25 milyon dollarlıq dəstək kifayət etməyəcək.

Başqa bir rəqəmə görə, separatçıların nəzarətindəki bölgədə 16 mindən çox erməni işsiz qalıb. Hesabat müəllifi separatçıların büdcəsində dərin kəsir əmələ gəldiyini, gəlirləri artırmaq üçün heç bir mənbənin qalmadığını vurğulayıb.

Hesabatda büdcəni doldurmağın yeganə alternativi kimi Ermənistanın və dünyadakı erməni lobbisinin inaələri göstərilir. Bildirilir ki, mövcud vəziyyət davam edərsə, ümumiyyətlə, Qarabağda iqtisadi fəallıqdan əsər-əlamət qalmayacaq.

V. Abramyanın hesabatına görə, müharibədən əvvəl - 2015-2019-cu illərdə Qarabağda iqtisadi artım ikirəqəmli olub. Müharibədən dərhal sonra isə 17.6 faiz iqtisadi geriləmə qeydə alınıb. İqtisadiyyatın yenidən bərpasına Şuşa yolundakı etiraz aksiyası problem yaradıb və ötən ilin dekabrından başlayaraq iqtisadi fəallıq 20 faiz azalıb.

Bu rəqəmlər Qarabağ ermənilərinə anlatmalıdır ki, Azərbaycan qanunlarını qəbul etmədən ağır iqtisadi və sosial vəziyyətdən qurtula bilməyəcəklər.

Hesabat müəllifinin “Qarabağ iqtisadiyyatının uğurlu illəri adlandırdığı” dövr Azərbaycan ərazilərinin işğalı sayəsində kənd təsərrüfatındakı gəlirləri əhatə edir. Müharibə zamanı həmin ərazilər azad edilib və separatçılar bu qeyri-qanuni gəlirdən məhrum olublar. Çünki işğal dövründə erməni separatçıları keçmiş Dağlıq Qarabağın kənarındakı ərazilərdə də taxıl yetişdirərək onu Ermənistana satırdılar. Bunun hesabına Ermənistan taxıla olan tələbatının böyük hissəsini ödəyirdi.

Qarabağla Ermənistanı birləşdirən yollar tədricən Azərbaycan hərbçilərinin nəzarətinə keçdikdən sonra isə separatçılar yataqlardan əldə etdiklərini də Ermənistan göndərə bilmir və bu yataqlarda işin dayandığına dair məlumatlar var.

Erməni separatçılarının keçmiş “dövlət naziri” Ruben Vardanyanın sözlərinə görə, bölgə iqtisadiyyatını bərpa etmək üçün 250 milyon dollara ehtiyac duyulur. Qarabağ separatçılarının gələcək taleyi sual altında olduğundan bu pulu nə Ermənistan, nə də erməni lobbisi verməz.

Bu arada, R. Vardanyanın bölgəni idarə edən separatçıların və Rusiya hərbi kontingentinin ünvanına səsləndirdiyi etiraf da ermənilərin üzləşdiyi acınacaqlı vəziyyəti göstərir. Vardanyanın sözlərinə görə, bəzi erməni işbazlar separatçı məmurlarla və Rusiya hərbçiləri ilə əlbir olaraq bölgəyə ikinci dərəcəli məhsullar gətirirlər. Mexanizm belədir: Qarabağdakı işbazlar Rusiya hərbçilərinə rüşvət verərək onların nəqliyyat vasitələrində Ermənistandan bölgəyə məhsullar gətirir və əldə etdikləri qazancı separatçı məmurlarla bölüşürlər.

Beləliklə, İkinci Qarabağ müharibəsinin nəticəsi, Şuşa yolunda davam edən etiraz aksiyası, üstəgəl Ermənistanla bölgəni birləşdirən yolların nəzarətə götürülməsi separatçı erməniləri ağır vəziyyətə sürükləyib. Bura Azərbaycanın nəzarətində olan kommunikasiya xətlərini də əlavə etmək lazımdır, tez-tez qaz və internet kəsilir. Özlərinin hazırladıqları hesabatlar və verdikləri açıqlamalar durumun hər keçən gün onların əleyhinə işlədiyini göstərir. Bu isə o deməkdir ki, Azərbaycan Qarabağdakı cinayətkar rejimə qarşı əlavə tədbirlərini davam etdirməlidir.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər