12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Qazaxıstanda Ukrayna ssenarisi üzrə qarşıdurma ola bilər
Tarix: 03-04-2023 11:37 | Bölmə: Slayd
Qazaxıstanda Ukrayna ssenarisi üzrə qarşıdurma ola bilər

Qazaxıstanın Petropavlovsk şəhərinin bir qrup sakini ölkədə müstəqil “Şəhər Xalq Şurası” yaradıldığını bəyan edib.

Reyting.az
-ın məlumatına görə, müstəqil “Şəhər Xalq Şurası”nın yaradılmasında 19 nəfərin iştirak etdiyi iddia olunur.

Onlar təmsil etdikləri qurumun nizamnamə layihəsini, rəmzlərini və “Xalq Şurası” üzvü vəsiqəsinin layihəsini təsdiqləyiblər.

Bildirilir ki, “Petropavlovsk Şəhər Əməkçilərinin Xalq Şurası”nın yaradıcıları Qazaxıstan hökumətini “xalq üçün əlverişsiz şərait yaratmaqda” ittiham edən bəyannamə imzalayıblar.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi “Petropavlovsk Şəhər Əməkçilərinin Xalq Şurası”nın yaradıcılarına qarşı Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci hissəsi (KİV-dən istifadə edərək bir qrup şəxslə separatizm təbliğatı) ilə istintaqa başlayıb. Cinayət işinin təhqiqatı üçün Milli Təhlükəsizlik Komitəsinin müstəntiqləri və vilayət polisi əməkdaşlarının daxil olduğu idarələrarası istintaq-əməliyyat qrupu yaradılıb. İş üzrə prosessual prokurorlar təyin edilib. Hazırda ibtidai istintaq çərçivəsində əməliyyat-istintaq tədbirləri, o cümlədən axtarış və götürmə tədbirləri davam etdirilir, müvafiq məhkəmə-tibbi ekspertizalar müəyyənləşib.

Qeyd edək ki, Şimali Qazaxıstan vilayətinin inzibati mərkəzi olan Petropavlovsk Rusiya ilə sərhəddən 40 kilometr məsafədə yerləşir.

Baş verənləri şərh edən politoloq Xəqani Cəfərli deyib ki, “Xalq Şurası”nın yaradılması Rusiyanın Ukraynada tətbiq etdiyi ssenari ilə oxşardır.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsinə yol açan separatçılıq hərəkətləri də 2009-cu ildə 10 nəfər tərəfindən “Donetsk Federativ Respublikası”nın “dövlət suverenliyi haqqında bəyannamə”nin qəbulu ilə başlamışdı:

"Həmin “bəyannamə”də Ukrayna ərazisinin bir hissəsi “Donetsk Federativ Respublikası” adlı “suveren rus dövləti” elan edilirdi. O zaman bir çoxları bu hadisəni qeyri-ciddi hesab edərək, önəm verməmişdi. Ancaq bir neçə il sonra “Donetsk Federativ Respublikası” adlı “suveren rus dövləti” elan edən 10 nəfər Donetskdəki separatçılıq hərəkatının liderləri qismində önə çıxdılar”.

X. Cəfərli əlavə edib ki, Qazaxıstanın hüquq-mühafizə və təhlükəsizlik orqanları “Ukrayna ssenarisi”nin qarşısını almaq üçün qətiyyətli addım atıb. Ancaq bu, yetərli deyil: “Qazaxıstanın siyasi-diplomatik dəstəyə ehtiyacı var. Türk Dövlətləri Təşkilatı ABŞ və Avropa İttifaqının 2009-cu ildə yol verdiyi faciəli səhvi təkrar etməməli, Rusiyaya aydın və birmənalı mesaj verməlidir. Rusiyanın diqqətinə çatdırılmalıdır ki, Qazaxıstana qarşı Ukrayna ssenarisi həyata keçirilsə, türk dövlətləri biganə qalmayacaq. Rusiyanın siyasi-hərbi rəhbərliyi anlamalıdır ki, Qazaxıstana qarşı müharibəyə başlasalar bir neçə istiqamətdən türk dövlətlərinin hərbi müdaxiləsinə məruz qalacaqlar”.

Politoloqun fikrincə, Ukraynada çox böyük itgi verən Rusiya türk dövlətlərinə qarşı müharibə aparmaq imkanına malik deyil. “Türk Dövlətləri Təşkilatında təmsil olunan dövlətlərin siyasi rəhbərləri böyük Türk Milləti qarşısında tarixi məsuliyyətlərini dərk edərək Qazaxıstana dəstəklərini ifadə etməlidirlər", - deyə X. Cəfərli yekunlaşdırıb.

Y. QACAR
Reyting.az





Bölməyə aid digər xəbərlər