12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Baxmut rusların nəzarətinə keçib
Tarix: 03-04-2023 14:17 | Bölmə: Slayd
Baxmut rusların nəzarətinə keçib

“Vaqner” özəl hərbi birliyinin rəhbəri Yevgeni Priqojin Rusiya silahlı bölmələrinin Baxmutun mərkəzini ələ keçirdiyini açıqlayıb. O, Baxmutda administrativ binaya Sankt-Peterburqdakı “Strit-bar” kafesində baş verən partlayışda həyatını itirən hərbi müxbir Vladlen Tatarskinin adının yazıldığı Rusiya bayrağının sancıldığını bəyan edib.

Ukrayna tərəfi hələlik rəsmi məlumat verməsə də, Rusiya silahlı bölmələrinin Baxmutun mərkəzini ələ keçirməsi mümkündür.

Baxmut hazırda Rusiya-Ukrayna müharibəsinin ən kritik nöqtəsidir. Həm Rusiya, həm də Ukrayna tərəfi üçün strateji önəmə malikdir. Bundan başqa, Baxmut psixoloji üstünlük baxımdan da vacibdir. İki tərəf də müharibə gedişində ciddi itkilər verib və müsbət xəbər eşitməyə ehtiyacı var. Xüsusilə Baxmutun ələ keçirilməsi Rusiya üçün həyati əhəmiyyət daşıyır.

Rusiya ictimaiyyətində müharibə əleyhinə baxışlar günbəgün artır. Baxmutun ələ keçirilməsindən Kreml geniş şəkildə istifadə edəcək.

Taktiki geriçəkilmə

Yevgeni Priqojin Rusiya silahlı bölmələrinin Baxmutun mərkəzini ələ keçirdiyini açıqlasa da, mümkündür ki, bu, Ukrayna silahlı qüvvələrinin taktiki geriçəkilməsidir.

Məsələ ondadır ki, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı ilə prezident Vladimir Zelenski arasında Baxmutla bağlı ciddi fikir ayrılığı var. Zelenski Baxmutun müdafiə edilməsini dəstəkləsə də, Zalujnı çəkilib daha ciddi müdafiə xəttinin qurulmasını təklif edirdi. Görünür, Zalujnı bu məsələdə Zelenskini razı sala bilib.

Diqqətçəkən bir məqam da Baxmutun Valeri Zalujnı ilə Böyük Britaniya Müdafiə Qərargahının rəisi admiral Toni Radakin arasında telefon danışığından qısa müddət sonra ələ keçməsidir. Zalujnı Toni Radakla məhz cəbhəboyu əməliyyat vəziyyətini, həmçinin Baxmut istiqamətində döyüşləri müzakirə edib. Mümkündür ki, Böyük Britaniya Müdafiə Qərargahının rəisi də ukraynalı həmkarına Baxmutdan taktiki-strateji geriçəkilməyə dair məsləhət verib.

Nisbi sakitlik

Nəzərə alsaq ki, hazırda Donbasda ən ağır döyüşlər Baxmut və Uqledar ətrafında gedir, Baxmutun ruslar tərəfindən ələ keçirilməsi hücumların intensivliyini azalda bilər. Düzdür, Baxmutun tutulması ruslara Çasov Yar, Kramatorsk və Slavyanska çatmaq imkanı versə də, yorğun və ciddi itkilərə məruz qalan qoşunların bir müddət hücumlara fasilə verəcəyi ehtimal edilir. Mümkündür ki, ruslar Baxmutda müdafiə xəttini gücləndirib yeni hücumlara hazırlaşacaq. Bu da öz növbəsində tərəflər arasında nisbi sakitliyin yaranmasına səbəb ola bilər.

Kiyev rusların Baxmutdan sonra hücumlara fasilə verəcəyini bilir və məhz buna görə geriçəkilmə taktikasını seçib. Ukrayna ordusu bu fasilədən həm müdafiə xəttinin gücləndirilməsi, həm də əks-hücum hazırlıqlarının görülməsi üçün istifadə edə bilər.

Turan RZAYEV
Politoloq




Bölməyə aid digər xəbərlər