12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Toğrul İsmayıl: “Azərbaycan ilə Ermənistanın müharibəsi iki cəbhədə gedir”
Tarix: 12-04-2023 16:23 | Bölmə: Slayd
Toğrul İsmayıl: “Azərbaycan ilə Ermənistanın müharibəsi iki cəbhədə gedir”
Toğrul İsmayıl

“Ermənistan kimlərəsə güvənərək Azərbaycana qarşı təxribatlar həyata keçirir. Amma siyasi şəraitə baxdıqda görürük ki, indiki mərhələdə regionda müharibənin olması heç kimə sərf etmir”.

Bunu Reyting.az-a Ankarada yaşayan professor Toğrul İsmayıl ötən gün Ermənistan ordusunun Laçın istiqamətində törətdiyi təxribatı şərh edərkən deyib.

T. İsmayıl bəzi güclərin indiki mərhələdə Cənubi Qafqazda müharibədə maraqlı olmadıqlarını aşağıdakı kimi izah edib:

“Birincisi, Rusiya Ukraynada müharibə aparır və ikinci cəbhənin açılmasını istəmir. Çünki status-kvonun dəyişməsi ona sərfəli deyil. 44 günlük savaşdan sonra status-kvo onsuz da, fərqli şəkildə dəyişib.

İkincisi, bəzi mütəxəssislər İranın adını çəkir. Mən bunu istisna etmirəm. Amma ümumən İran adətən qorxutmaq və bu yolla maraqlarını təmin etmək siyasəti aparır. Xüsusilə, Azərbaycana qarşı.

Üçüncüsü, Ermənistanda xaosdur. Paşinyan baş nazir olsa da, faktiki olaraq, ordu üzərində tam nəzarətə malik deyil. Üstəlik, bu ölkədə revanişist qüvvələr mövcuddur.

Dördüncüsü, aydındır ki, indi nə Paşinyana, nə də erməni ordusuna böyük müharibə lazım deyil. Bunun sadə səbəbi var: erməni ordusu müharibədə qalib gələ bilməz, əksinə, itirər”.

Professor qeyd edib ki, Azərbaycan və Ermənistan arasında danışıqlar vasitəsilə demarkasiya və delimitasiya prosesi aparılmasa lokal hərbi qarşıdurmalar davam edəcək. T. İsmayılın fikrinə, indi həm Azərbaycan, həm də Ermənistan dövlət sərhədinə fərqli prizmadan yanaşır.

Professor Ermənistanda Avropa İttifaqının mülki missiyasının olmasına diqqət çəkib: “Ermənistanda Avropa İttifaqının mülki missiyası olsa da, onların bütün sərhəd boyunca nəzarət etmək imkanına malik olduqlarını düşünürəm. Sadəcə, erməni tərəfi mülki missiyanın tərəfsiz olmadığını nəzərə alaraq belə təxribatlara gedir və bu təxribatın Azərbaycan tərəfindən törədildiyini dünyaya göstərmək istəyir”.

T. İsmayıl diqqətə çatdırıb ki, indi Azərbaycan ilə Ermənistan arasında lokal hərbi qarşıdurmalarla yanaşı informasiya savaşı da gedir: “Azərbaycan bu müharibədə operativ olmalıdır. Yəni əlində olan məlumatları daha tez dünyaya təqdim etməlidir. Əgər görüntülər varsa, dərhal yaymalıdır. Biz bu istiqaməti gücləndirməliyik. Nəzərə almaq lazımdır ki, məlumatı dünyaya birinci kim yayırsa, haqlı tərəf kimi qəbul olunur və haqlı tərəf haqsız duruma düşür. Odur ki, biz modern texnologiyalardan istifadə etməklə informasiya müharibəsini gücləndirməliyik”.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər