12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Böyük təhlükə: süni intellekt sektorunda oyun qaydaları pozulub
Tarix: 17-04-2023 19:09 | Bölmə: Slayd
Böyük təhlükə: süni intellekt sektorunda oyun qaydaları pozulub

"Süni intellekt sahəsində araşdırmaları dayandırmaqla bağlı məşhur müraciətə imza atan İlon Maskın özü süni intellekt şirkəti yaradıb. Görünür, bu sektorda bütün oyun qaydaları pozulub. Süni intellektin bəşəriyyətə təhlükələr yarada biləcəyini söyləyib, sonra buna imza atanlar özləri bu sahədə böyük işlərə girişirlər”.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz deyib.

Mərkəz rəhbəri əlavə edib ki, İlon Maskın “Tesla”, “SpaceX”, “Starlink”, “Twitter”, “Neuralink” və s. şirkətlərinə daha biri əlavə olunub. O, bir neçə gün öncə “X.Aİ” süni intellekt şirkəti yaradıb. Hazırda bu şirkət üçün ən yaxşı mütəxəssisləri və investorları cəlb etməklə məşğuldur.

O. Gündüzün sözlərinə görə, hazırda ən öndə gedən “ChatGPT” süni intellekt həllinin sahibi olan “Open.Aİ” şirkətinin formalaşmasında da İlon Mask iştirak edib: "Sonradan fikir ayrılıqları olduğundan bu şirkətdən kənarlaşıb. Güman etmək olar ki, İlon Mask hazırda bazar dəyəri 30 milyard dollar olan bu qurumdan ayrılmaqla hesablaşmaq istəmir. Həm də, onun da imzası olan müraciətə etinasızlıq dünyanın ən zəngin insanını əsəbləşdirib. Görünən odur ki, süni intellekt bazarında kəskin rəqabət formalaşmaqdadır”.

Mütəxəssis diqqətə çatdırıb ki, texnologiyaların inkişafının yarada biləcəyi təhlükələrlə bağlı oxşar müraciətlər əvvəllər də olub:

“Xatırlayıram ki, bir neçə il öncə süni intellektdən müharibələrdə istifadə edilməməsi ilə bağlı məşhurların hökumətlərə müraciəti olmuşdu. Amma bu müraciət nəticə vermədi”.

O. Gündüzün ehtimalına görə, İlon Maskın, “Apple” və “Ripple” kimi nəhəng qurumların rəhbərlərinin və məşhur universitetlərin professorlarının da süni intellekt sahəsində araşdırmaların dayandırılması ilə bağlı məktubuna mövcud bazar oyunçularının reaksiya verməməsi bu bazara yeni, daha nəhəng oyunçuların daxil olması ilə nəticələnə bilər.

Görəsən, bütün qeyd olunan təhlükələrə baxmayaraq, bəşəriyyət süni intellektin bu formada sürətli və rəqabətli formada inkişafından nə qazanacaq? Bunun xeyri, yoxsa fəsadları çox olacaq?

Mərkəz rəhbəri hələlik bunu proqnozlaşdırmağın asan olmadığını deyib: “Dünyanın ən zəngin investorları süni intellekt sektoruna milyardlarla yatırımlar edirlər. Bu sahədə çox böyük rəqabət formalaşıb. Güman ki, ən yaxın zamanlarda tamamilə yeni bir texnoloji dünyanın şahidi olacağıq".

Y. QACAR




Bölməyə aid digər xəbərlər