12:36 / 14-06-2025
Sabah yağış yağacaq
ABŞ Türkiyə ilə bağlı müsbət qərar verib - Ankaradan daha 4 tələbi isə...
Tarix: 18-04-2023 15:12 | Bölmə: Slayd
ABŞ Türkiyə ilə bağlı müsbət qərar verib - Ankaradan daha 4 tələbi isə...

ABŞ Dövlət Departamenti “Link-16” taktiki məlumat-ötürücü şəbəkəsinin modern dəstlərinin, F-16 döyüş təyyarələrinin rabitə sisteminin Türkiyəyə satışı ilə bağlı qərarını rəsmi olaraq Konqresə çatdırdıqdan sonra diqqət Vaşinqtona yönəlib.

Reyting.az
xəbər verir ki, "Röyter" agentliyinə danışan mənbələr ABŞ-ın Türkiyə ilə bağlı qərarının təfərrüatlarını açıqlayıblar.

Məlumata görə, ABŞ və Türkiyə arasında uzun illərdir ki, hərbi silah müqavilələri reallaşmasa da, dünən əlamətdar qərar ortaya çıxıb.

Dövlət Departamenti “Link-16” taktiki və əlaqə şəbəkəsinin modernləşdirilmiş dəstlərinin, rabitə sisteminin satışı üçün addım atıb, F-16 döyüş təyyarələri ilə bağlı rəsmi tələbi Konqresə çatdırıb.

ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin yazılı açıqlamasında qeyd olunur ki, Dövlət Departamenti, təxmini dəyəri 259 milyon dollar olan mövcud F-16 təyyarə parkının modernləşdirilməsi üçün Türkiyəyə müdafiə avadanlığı, xidmətlərinin və əlaqədar avadanlığın satışına icazə verib.

Türkiyənin mövcud F-16 təyyarələrində istifadə ediləcək bu modernləşdirilmiş paketdən danışan mənbələr deyiblər ki, Bayden administrasiyası F-16-ların modern dəstlərinin satışı üçün növbəti mərhələyə keçməyə hazırdır. ABŞ Konqresinin komitələri də bunu qeyri-rəsmi təsdiqləyiblər.

Onu da qeyd edək ki, NATO üzvü Türkiyənin milyard dollarlıq F-16 alması ilə bağlı daha böyük sövdələşmə hələ də davam edir və Konqresdə etirazlar da tam səngiməyib.

Konqres modernləşdirilmiş dəstin satışına rəsmi icazə verərsə, bu satış uzun illərdən sonra Konqres tərəfindən təsdiqlənən sənəd olacaq.

ABŞ Dövlət Departamentinin sözçüsü deyib: “ABŞ və Türkiyənin dərin müdafiə və təhlükəsizlik əlaqələri var və Türkiyənin NATO-da birgə işi kritik prioritetdir”.

Razılaşmanın Türkiyənin Finlandiyanın NATO üzvlüyünü təsdiqləməsindən və Yunanıstanla gərginliyi azaltmasından sonra əldə edildiyi diqqət çəkir. Lakin bu satış Türkiyənin 2021-ci ilin oktyabrında tələb etdiyi 20 milyard dollarlıq müqavilədən müstəqildir. Xatırladaq ki, həmin vaxt Türkiyə "Lockheed Martin" istehsalı olan F-16 və 80 modernləşdirmə dəsti tələb etmişdi.

“Bu kiçik paket Ankaraya müsbət əlamət olduğunu göstərmək üçün təsdiqlənib”, - mənbə “Röyter” agentliyinə bildirib.

Digər tərəfdən, mənbələr deyiblər ki, bu addım Konqresin daha böyük satışa “yaşıl işıq” yandırması anlamına gəlmir.

Mənbələr həmçinin bildiriblər ki, ABŞ-ın İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi ilə yanaşı, Yunanıstanla münasibətlərin tamamilə yaxşılaşdırılması, Suriyanın şimalına hərbi müdaxilənin olmaması və Rusiyaya qarşı sanksiyaların tətbiqi tələbləri də var. Bu tələblərin isə Ankaranı qəzəbləndirəcəyi bildirilir.

Mənbə diqqətə çatdırır ki, Türkiyə ABŞ-ın bitməyən tələblərinin və Vaşinqtonun münasibətinin ədalətli olmadığını düşünür.

E. KAMAL






Bölməyə aid digər xəbərlər