12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiya ilə Qərb üçün yeni savaş meydanı yaranıb
Tarix: 20-04-2023 14:35 | Bölmə: Slayd
Rusiya ilə Qərb üçün yeni savaş meydanı yaranıb

Sudanda ordu ilə yarımhərbiləşdirilmiş Dəstək Qüvvələri (HDK) arasında həftəsonundan bəri davam edən silahlı qarşıdurma şiddətlənir. Bu isə qarşıdurmanın “arxa planı” ilə bağlı suallar yaradıb.

Qeyd edək ki, münaqişə Sudanın iki hərbi strukturu arasında hakimiyyət uğrunda mübarizə kimi görünsə də, son illərdə Rusiyanın həm Afrikada, həm də Sudanda güclənən mövqeyi və muzdlu “Vaqner” qrupunun Sudanda mövcudluğu ölkədəki qarışıqlığın “pərdə arxası” sayıla bilər. Muzdlu qrupun Rusiyanın vəkil mübarizəsində iştirakı istisna edilmir.

Reyting.az-ın məlumatına görə, Ukrayna, Suriya, Liviya, Mərkəzi Afrika Respublikası kimi bir çox ölkələrdə hərbi və iqtisadi maraqlarını qorumaq üçün Kremllə dərin əlaqələri olan muzdlu “Vaqner”dən istifadə edən Rusiya, Sudanda da varlığını qorumağa ciddi cədlər göstərir.

2019-cu ildə devrilən prezident Ömər əl-Bəşir dövründə Kremlin Sudana göndərdiyi “Vaqner” qrupunun HDK rəhbəri Məhəmməd Həmdan Daqalu ilə yaxın münasibəti var. Daqalunun Sudanın Darfur bölgəsindəki qızıl mədənlərində söz sahibi olduğu bildirilir. 2020-ci ildə isə ABŞ Maliyyə Nazirliyi Rusiyanın mədən şirkəti “Meroe Gold”-a qarşı sanksiya tətbiq edib: bəzi ölkələrin terrorçu qrup hesab etdiyi “Vaqner”lə əlaqəsinə görə.

Beynəlxalq media ötən yay elan etmişdi ki, iqtisadiyyatı Qərbin sanksiyalarından zərər çəkən Rusiya Sudanda əldə etdiyi qızılla Ukraynadakı müharibəni maliyyələşdirir. Bildirilirdi ki, qızıl qaçaqmalçılığında istifadə edilən bir Rusiya təyyarəsi Sudandan Rusiyanın hərbi bazasının yerləşdiyi Suriyanın Latakiya şəhərinə ən az 16 uçuş həyata keçirib. Bunun ardınca Avropa Birliyi də “Meroe Gold”-a sanksiya tətbiq etmək qərarına gəlib. Avropa Şurasının bəyanatında deyilir ki, “Vaqner” Sudandakı səlahiyyətlilərlə əlaqələri sayəsində bu ölkənin qızılını çıxararaq qanunsuz olaraq Rusiyaya göndərib. Amma o zaman iddialara cavab verən “Vaqner”in rəhbəri Yevgeni Priqojin Sudandakı münaqişədə iştirak etmədiklərini bildirib.

Ötən gün Priqojin təkrarən deyib ki, Sudanda “Vaqner” adına bir nəfər də əsgər yoxdur. “Biz iki il əvvəl Sudandan tamamilə ayrıldıq. Bu, bilinməli həqiqətdir”, - Priqojin əlavə edib.

Qeyd edək ki, 2012-ci ildə Ömər əl-Bəşirin başçılıq etdiyi Sudan rəhbərliyinə hərbi dəstək verməyə başlayan Moskva, qarşılığında qızıl mədənlərinin istismarı ilə Sudanın Qırmızı dəniz sahilindəki Port Sudan şəhərində dəniz bazası istəmişdi.

Bundan başqa, 2022-ci ildə Moskvaya səfər edən Daqalu Sudanda Rusiya hərbi dəniz bazasının qurulmasına “yaşıl işıq” yandırıldığını bəyan etmişdi. Bu vəziyyət Rusiyanın Sudanda olması ilə bağlı ölkə administrasiyasının rəhbəri Əbdülfəttah əl-Burhan ilə HDK rəhbərliyi arasında fikir ayrılığının olduğu haqda şayiələri də gündəmə gətirib. Beləliklə, Rusiyanın Suriyadakı Tartus dəniz bazasından sonra Qırmızı dənizdə - Sudanda hərbi dəniz bazası olacaq. Aydındır ki, Qərb Rusiyanın belə strateji gücə malik olmasının əleyhinədir.

“Wall Street Journal”ın xüsusi hesabatına görə, Sudanın qonşuları Liviya və Misir tərəflərə hərbi dəstək verir. Diqqətə çatdırılır ki, Liviyanın şərqinə nəzarət edən Xəlifə Haftar da HDK-nın yanındadır, Misirin isə Burhanın rəhbərlik etdiyi Sudan ordusuna sursat və hərbi dəstək verdiyi iddia olunur.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər