12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Lənətlənmiş qiymətli əşya məşhurların ailəsinə bədbəxtlik gətirib - Foto
Tarix: 25-04-2023 00:11 | Bölmə: Slayd
Lənətlənmiş qiymətli əşya məşhurların ailəsinə bədbəxtlik gətirib

Bəzi əşyaların insana şöhrət gətirməsi və yaxud onu bədbəxtliklərlə üzləşdirməsi haqqında fikirlər əsrlər boyu nəsildən-nəslə ötürülür. Dünyanın ən qiymətli və ən böyük mavi almazı kimi tanınan “Ümid Almazı” da belə əşyaların sırasındadır. Əldən-ələ gəzən bu qiymətli əşyaya sahibi olanlar böyük problemlərlə üzləşib.

Reyting.az
-ın məlumatına görə, “Blue Diamond” və ya “Ümid Almazı” kimi tanınan əşya ona sahib olanların həyatına əhəmiyyətli dərəcədə mənfi təsir göstərib.

Bu daşın çəkisi 112 karatdan çox, yəni 22 qramdır. Tarixi çox qədim dövrlərə uzanır.

Bu daş 1600-cü illərdə Hindistan üçün vacib sayılan Müharibə İlahəsi Şiva heykəlinin (tanrıçanın üçüncü gözü) alnından oğurlanıb və bundan sonra işlər çətinləşməyə başlayıb.

İnanca görə, oğurluqdan sonra bu daşın sahibi olan şəxs Şivanın özü tərəfindən lənətlənir və hətta sahibinə ölüm gətirir.

“Ümid Almazı”nın əslində 1,1 milyard il əvvəl meydana gəldiyi düşünülür. Yer üzündə tapılan digər almazlarla müqayisədə bor atomlarından ibarət olduğu bildirilən bu almazın bənzərsiz rənginin səbəbi də bununla bağlıdır.

Şivanın alnından daşın götürülməsi ilə bağlı çoxlu söz-söhbətlər olsa da, ən çox yayılmış inanc daşın bir oğru tərəfindən oğurlandığı və sonra əldən-ələ dövr etməsidir. Daha sonra almaz dövrün daş-qaş taciri Jan-Batist Tavernierin əlinə keçib. Öz işini bilən bu tacir mavi brilyantı bir çox qiymətli daşlarla birlikdə Fransanın məşhur kralı XIV Lüdovikə satıb.

Şayiələrə görə, tacir daşı krala satdıqdan sonra qəfil ölüb. Kral isə daşın ölçüsündən şikayətlənib, brilyantın parçalara ayrılaraq zinət əşyalarına çevrilməsinə əmr edib. Amma bundan sonra ardıcıl ölümlər baş verib. Kral əvvəlcə oğlunu, sonra qardaşını, daha sonra isə bir-birinin ardınca bir çox ailə üzvlərini itirib.



Almazın lənətini dərk edən kral qısa müddət sonra qanqrenadan dünyasını dəyişib.

Hadisədən sonra daşın lənəti getdikcə daha çox insana məlum olub. Lakin mövhumata qulaq asmayan və daşın çılğınlığına aldanan bir çox insan bu cəvahirata sahib olmaq istəyib.

XIV Lüdovikdən sonra bu daş Kral XVI Lüdovik və onun həyat yoldaşı Mari Antuanettaya məxsus olur. İkilinin ölümə gilyotinlə getməsi də “bu daş lənətlənibmi?” sualının verilməsinə səbəb olub.

Mavi brilyant dövriyyədə olarkən, 19-cu əsrin əvvəllərində bir çox digər qiymətli daşlarla birlikdə Fransadakı kral mülkündən oğurlanıb. Hadisədən az sonra daşlar İngiltərədə peyda olub. Bir almaz taciri tərəfindən ələ keçirilən bu daşın lənəti sonsuz olduğu üçün onun yeni sahibi Hendriks Falls qısa müddətdə dünyasını dəyişib.

1830-cu illərdə mavi brilyant Britaniya bankiri Tomas Houpun əlinə keçib. Bankın zərgərlik kataloqunda almazın adının verildiyi ilk yer Tomas Houpun kataloqu olub. O vaxtdan bəri bu qiymətli daş "Ümid Almazı" olaraq adlandırılmağa davam edir.

“Ümid Almazı”nın sahibləri arasında Osmanlı sultanı II. Əbdülhəmid də var. Zərgərlik həvəskarı II. Abdülhəmid 1908-ci ildə “Ümid Almazı”nı yarım milyon dollara alıb. Lakin o, növbəti il vəzifəsindən uzaqlaşdırılıb. Osmanlı sultanına brilyant hədiyyə edən yunan zərgər də qəza nəticəsində dünyasını dəyişib.

O dövrdə “II Əbdülhəmidin almazı” adı ilə satışa çıxarılan qiymətli əşyanın növbəti sahibi məşhur zərgər Pierre Cartier olub. Lakin daşın lənəti ona da təsir edib. Cartier 1900-cü illərin əvvəllərində müflis olanda daş ABŞ-dan olan varlı qadın Evalin Uolş Maklinin əlinə keçib. Sonuncu bu əşyanı o qədər sevib ki, bir dəfə də olsun boynundan çıxarmayıb. Ancaq o da əvvəlki şəxslər kimi neqativ hallarla qarşılaşıb. Qısa müddətdə 9 yaşlı oğlunu itirən qadın, qızının özünü öldürməsindən sonra məyus olub. Özünü toparlamağa çalışan qadın, nəhayət, ərinin psixiatriya xəstəxanasına yerləşdirilməsindən çox kədərlənib. Maklinin ölümündən sonra bu daş zərgər Harri Uinstonun əlinə keçib. Onun lənətinə inanan daşın son sahibi Harri Uinston 1958-ci ildə brilyantı daha çox insana zərər verməmək üçün ABŞ-dakı Smithsonian İnstitutuna bağışlayıb. Bu gün bu institutda sərgilənən daşı ziyarət etməyə gələn yüz minlərlə insan var.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər