12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiya nüvə müharibəsini qaçılmaz hesab edir
Tarix: 25-04-2023 14:18 | Bölmə: Slayd
Rusiya nüvə müharibəsini qaçılmaz hesab edir

Rusiyanın Ukraynaya qarşı təcavüzünün 426-cı günü tamam olur. Hazırda Ukraynanın şərq hissəsi və Krıma yaxın ərazilər müharibənin ən qaynar nöqtəsidir.

Reyting.az
xəbər verir ki, Pentaqonun sənədlərində yer alan “Ukrayna yazda əks-hücuma keçəcək”,- ifadəsi hələlik qüvvədə qalır. Bu çərçivədə əməliyyatlarını gücləndirən Ukrayna ordusunun kritik bölgə olan Dnepr çayını keçdiyi də iddia olunur.

Pentaqondan sızdırılan sənədlərə əsasən, Ukrayna, 2014-cü ildə Rusiyanın ilhaq etdiyi Krımı yenidən nəzarətə götürmək istəyir. ABŞ rəsmiləri isə iddia edirlər ki, ukraynalıların ruslarla quru əlaqələrini kəsmək üçün Kerç körpüsü yenidən partladılacaq.

Bildirilir ki, ruslar Krımın sahilyanı ərazilərinə və çimərliklərə tank əleyhinə minalar basdırır, yüzlərlə kilometr uzunluğunda xəndəklər qazırlar.

Cəbhə xəttində davam edən müharibəyə paralel olaraq, masa arxasında da kifayət qədər mürəkkəb vəziyyət hökm sürür. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında deyib ki, dünya Soyuq müharibədən daha təhlükəli həddə çatıb.

Qərb ölkələrini hegemon planlar hazırlamaqda ittiham edən Lavrov ölkəsinin Ukraynaya müdaxiləsinə haqq qazandırıb. Nazir deyib ki, "Ukrayna problemi" kimi qələmə verilən məsələ Rusiyanın təhlükəsizliyini təhdid edir.

Lavrovun bu açıqlamasından bir neçə saat sonra Rusiyadan mümkün nüvə müharibəsi ilə bağlı növbəti hədələr səslənib.

Rusiyanın nüvə silahlarına nəzarət edən əsas fiqurlardan biri - Vladimir Yermakov Vaşinqtonun Moskva ilə münasibətlərinə görə mümkün müharibənin qaçılmaz olduğunu bildirib.

V. Yermakov əlavə edib ki, ABŞ Rusiya ilə birbaşa münaqişəyə girərsə və bu şəkildə Ukraynanı dəstəkləməyə davam edərsə, nüvə müharibəsi qaçılmaz olacaq.

Yermakov açıqlamalarının davamında nüvə müharibəsinin nəticələrinin dünya üçün yaxşı olmayacağını diqqətə çatdırıb.
“Bu gün ən təhlükəli məsələ nüvə gücləri arasında birbaşa müharibədir. Hərbi münaqişə nüvə müharibəsi ilə nəticələnə bilər. Təəssüf ki, bu risklər günü-gündən artır”, - deyə Yermakov əlavə edib.

Y. QACAR
Reyting.az





Bölməyə aid digər xəbərlər