12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Laçın yolunda keçid məntəqəsi... - Bu işi kim reallaşdırıb?
Tarix: 26-04-2023 14:30 | Bölmə: Slayd
Laçın yolunda keçid məntəqəsi... - Bu işi kim reallaşdırıb?

“Azərbaycan dövlətinin Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi qurması müharibədən keçən 2,5 il ərzində böyük uğurlardan biridir. Bu, faktiki olaraq ərazilərimiz üzərində suverenliyimizin yayılması baxımından əhəmiyyətlidir, dönüş nöqtəsidir. Bundan sonra Qarabağın dağlıq hissəsinə də suverenliyimizin yayılması və nəzarət prosesi başlayacaq”.

Bunu Reyting.az-a professor Qabil Hüseynli deyib.

Q. Hüseynlinin sözlərinə görə, nəzarət-buraxılış məntəqəsinin qurulması həm də Azərbaycan diplomatiyasının uğuru və Azərbaycan prezidenti İlham Əliyevin ortaya qoyduğu siyasi iradənin nəticəsidir.

Professor xatırladıb ki, əslində 2020-ci ilin 10 noyabr sazişinin müzakirəsi zamanı Ermənistan tərəfi Laçın dəhlizinin eninin 20 kilometr olması və təhlükəsizliyin Ermənistan tərəfindən həyata keçirilməsinə iddia edirdi. Q. Hüseynli bunu təsadüfi iddia saymır: “Çünki Madrid prinsiplərində bu dəhlizin eni 30 kilometr təklif olunurdu, Kazan prinsiplərində də bu yanaşma təkrar edilirdi. Ancaq Azərbaycan prezidentinin qəti tələbləri və uzaqgörənliyi sayəsində dəhlizin təhlükəsizlik eninin 5 kilometr olmasına qərar verildi”.


Q. Hüseynli

Müsahibimiz əlavə edib ki, dəhlizin Laçın şəhərinin mərkəzindən çıxarılması, yeni yolun çəkilməsi təklifi də Azərbaycan prezidenti tərəfindən irəli sürülüb və qəbul etdirilib: “Bunun nəticəsində Azərbaycan Ordusu bir güllə atmadan Laçın şəhərinə daxil oldu, dövlət başçımız Laçında dövlət bayrağımızı qaldırdı. Əlbəttə, bütün bunlar sistemli, dəqiq və ağır diplomatik fəaliyyətin nəticəsində əldə edildi”.

Q. Hüseynlinin fikrincə, hazırda dəhlizin təhlükəsizlik eninin 5 kilometr olması məsələsi də var: “Amma iş ondadır ki, yeni Laçın-Gorus yolu çətin relyerfi olan ərazilərdən keçir. Qısası, bu çətin relyefdə 5 kilomet təhlükəsizlik zolağı haqqında düşünmək, bunu müəyyən etmək çox çətin məsələdir. Mənim şəxsi qənaətimə görə, dəhlizin eninə dair məsələ artıq öz əhəmiyyətini itirir. Bu da Azərbaycan diplomatiyasının vacib uğurlarından biridir”.

Professor diqqətə çatdırıb ki, 2020-ci ilin 10 noyabr sazişindən sonra proseslər normal getməyib, erməni silahlı dəstələri təxribatlar törədib, Ermənistan tərəfindən Qarabağa qanunsuz silahlar daşınıb, silahlı şəxslər daxil olub, başqa ölkələrdən silahlar göndərilib: “Üstəlik, erməni separatçıları və quldurları imkan düşən kimi Azərbaycan əsgərlərini hədəfə alıblar. Sözsüz ki, bu, sona qədər davam edə bilməzdi.

Hazırda ermənilər dünyada anti-Azərbaycan kampaniyası aparır, nəzarət-buraxılış məntəqəsinin qurulmasını guya Azərbaycanın etnik təmizləməyə hazırlığı kimi təqdim edir. Amma bunlar əsassız iddialardır. Rəsmi Bakı Qarabağ ermənilərini iki dəfə dialoqa dəvət edib, hətta sonuncu dəfə paytaxt Bakıya danışıqlara çağırıb. Amma onlar bu təklifi qəbul etməyiblər.

Rəsmi Bakı eyni zamanda, Qrabağda yaşayan ermənilərə mümkün humanitar yardımlar təklif edir. Məsələn, son zamanlar Azərbaycanın tibb işçiləri hansısa erməni xəstələrinə yardım etmişdi. Bütün bunları etnik təmizləmə adlandırmaq üçün sarsaq olmaq lazımdır.

İkincisi, dünyada elə bir ölkə varmı ki, öz ərazisinə başqa ölkələrdən gələn şəxslərin nəzarətsiz giriş-çıxışına, silah daşınmasına göz yumsun? Kim buna razı olar? Bu gün ermənilər dünyada belə bir kampaniya apara bilər... Amma ABŞ Meksika ilə sərhədə 50 kilometr hasar çəkib. Belə təcrübə başqa dövlətlərdə də var”.

Q. Hüseynli xatırladıb ki, əvvəllər Fransa, Suriya, İraq, Livan, İran və başqa ölkələrdən məhz Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazisinə terrorçular asanlıqla keçirdilər.



Professor qeyd edib ki, sərhəd-keçid məntəqələri dövlət sərhədinin atributlarından biri sayılır: “Bu baxımdan ermənilərin kampaniyasına qoşulanlar ya beynəlxalq hüquqdan xəbərsizdirlər, ya da bunu bilərəkdən edirlər. Amma bunun heç bir nəticəsi olmayacaq. Azərbaycan dövləti bu məsələdə beynəlxalq hüquq prinsipləri əsasında addımlar atıb və atacaq. Əlbəttə, Qrabağın dağlıq ərazisində yaşayan ermənilərə güzəştlər ola bilər, amma Azərbaycanın dövlət sərhədini keçən əcnəbilər viza almalıdırlar”.

Q. Hüseynli sonda əlavə edib ki, Azərbaycanın Laçın yolunda keçid məntəqəsi qurması böyük bir prosesin nəticəsində baş verib: “Bu prosesi quran, onu idarə edən, nəticələndirən Azərbaycan dövlət başçısıdır. Bunun üçün öncədən yüksəkliklərə nəzarət həyata keçirildi, Laçın yolu vizual nəzarətə götürüldü. Sonda ordumuz hazır vəziyyətdə dəhlizə daxil oldu və dərhal blok-postlar qurdu. “Azərişıq” və digər qurumlar dərhal lazım olan infrastrukturu yaratdı və beləcə, keçid məntəqəsi təsis olundu. Eyni zamanda bu prosesdə Rusiyanı neytrallaşdırmaq da Azərbaycan prezidenti İlham Əliyevin sayəsində həyata keçirildi. Həmçinin Vaşinqtondan nisbətən yumşaq mövqenin bildirilməsi də prezident İlham Əliyevin təsiri və apardığı işin nəticəsidir. Şübhəsiz ki, bu prosesin memarı Azərbaycanın dövlət başçısıdır. Məhz onun uzaqgörən siyasəti və apardığı sistemli fəaliyyət nəticəsində Azərbaycan 30 ildən çoxdur ki, üzləşdiyi problemləri həll edir”.

Y. QACAR
Reyting.az






Bölməyə aid digər xəbərlər