12:36 / 14-06-2025
Sabah yağış yağacaq
ABŞ Türkiyədəki seçkilərdən dərhal sonra...
Tarix: 29-04-2023 18:27 | Bölmə: Slayd
ABŞ Türkiyədəki seçkilərdən dərhal sonra...

Akkuyu Atom Elektrik Stansiyasının açılışını və mayın 14-də Türkiyədə keçiriləcək seçki prosesini yaxından izləyən beynəlxalq media Rusiya prezidenti Putinin türkiyəli həmkarı Ərdoğanı təriflədiyini yazır.

Reyting.az
xəbər verir ki, Rusiyanın “Komsomolskaya Pravda” qəzeti Akkuyu Atom Elektrik Stansiyasının (AES) açılışını “Rusiya Türkiyəyə atom gücü verdi”,- başlığı ilə təqdim edib. Putin və Ərdoğanın Moskva ilə Ankara arasında münasibətləri gücləndirdiyini yazan qəzet qeyd edib ki, Türkiyə dünyanın 33-cü nüvə dövlətidir.

Rusiya lideri Putinin “Akkuyu”nu dünyanın ən böyük AES-i adlandırdığını bildirən “Komsomolskaya Pravda” yazır ki, bu obyekt dörd reaktorun eyni anda tikildiyi yeganə elektrik stansiyasıdır. Elektrik stansiyasının tikintisində ruslar və türklərlə yanaşı beynəlxalq komandanın da iştirak etdiyini bildirən qəzet diqqətə çatdırır ki, “Akkuyu”da belarus, qazax və özbəklər də çalışıblar.

“Kommersant” qəzeti isə Rusiya və Türkiyənin rus turistlər üçün ödəniş sistemi hazırladıqlarını yazır. Putin və Ərdoğanın rebit-kart deyilən sistemi müzakirə etdiklərini bildirən “Kommersant” qeyd edib ki, Türkiyəyə tətilə gələn rusiyalı turistlər mobil proqramlar vasitəsi ilə sistemdən yararlana biləcəklər.

“İzvestiya” qəzeti rusiyalı turistlərin əvvəlkindən daha çox may ayında tətilə getdiyini, Türkiyədəki otellərin isə 100-də 30-a qədər endirimlər etdiyini yazıb.

Almaniyanın “Tagesschau” qəzeti isə iddia edir ki, Türkiyədəki seçkinin taleyini kürdlər təyin edə bilər və iqtidarla müxalifət sözügedən səsləri almaq üçün yarışır. Qəzet yazır ki, prezident Ərdoğan özünü kürdlərin əsl dostu sayır və incə tarazlıqlar 14 maydan əvvəl görünür.

Alman “Frankfurter Rundschau” türk liderin səhhətini nəzərə alaraq yazır ki, “Ərdoğan qayıtdı”. Türkiyə liderinin xəstəliyi ilə əlaqədar iki gün istirahət etdiyini xatırladan qəzet Ərdoğanın rusiyalı həmkarı Putinlə birlikdə AES-in açılışında (virtual) göründüyünü qeyd edib. Mərasimdən əvvəl Ərdoğan və Putin arasında telefon danışığı olduğunu da əlavə edən nəşr, Türkiyə və Rusiyanın əlaqələrini daha da genişləndirmək istədiklərini şərh edib.

“Arab Veekly” isə Rusiya lideri Putinin Türkiyədə kritik seçkilərə iki həftə qalmış Ərdoğanı təriflədiyini diqqətə çatdırır. Putinin “Akkuyu” AES-in açılışında söylədiyi sözləri öz səhifəsində yerləşdirən nəşr, Putinin “Türkiyəli tərəfdaşlarımıza dostluq əli uzatmağa hər zaman hazırıq”, - cümləsini önə çıxarıb.

Yunanıstanın “Kathimerini” qəzeti isə qeyd edir ki, Afina “F-35-in alınmasına daha yaxındır” və Türkiyədəki seçkilərdən dərhal sonra bunun baş verəcəyi gözlənilir. Vaşinqtonun Afinaya satılacaq iki hərbi yük təyyarəsi C-130-a razılıq verdiyini və bununla bağlı tezliklə açıqlama olacağını diqqətə çatdıraraq yazır ki, Türkiyədəki seçkilərdən dərhal sonra F-35 üçün lazım olan son imza Konqresdən keçəcək.

Türkiyənin 40 yeni F-16 döyüş təyyarəsi və 80 Viper modernizasiya dəsti almaq tələbindən sonra hərəkətə keçən Afina ABŞ-dan rəsmi olaraq F-35 təyyarələri istəyib. Nəşr bildirir ki, Türkiyədəki seçkilərdən sonra Yunanıstanda keçiriləcək iki seçki arasında F-35 prosesi Konqresdə tamamlana bilər.

“Kathimerin”də dərc olunan xəbərlərdə diqqət çəkən digər mühüm məqam ABŞ-ın Yunanıstana silah satmaq üçün Afina rəhbərliyinə kredit verməyə hazırlaşmasıdır. Kredit öz arsenallarını və sistemlərini təkmilləşdirmək üçün Ukraynaya silah göndərən NATO müttəfiqləri üçün təsdiqlənmiş paketdir. Lakin Yunanıstan indiyədək Ukraynaya silah göndərməyib.

Onu da qeyd edək ki, bir müddətdir Krit adasında yerləşdirilən S-300-lərin Ukraynaya göndəriləcəyi və Amerikanın “Patriot” raketdən müdafiə sistemi ilə əvəzlənəcəyi müzakirə olunur.

E. KAMAL




Bölməyə aid digər xəbərlər