12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ermənistan bir çox azadlıqları itirir
Tarix: 01-05-2023 12:24 | Bölmə: Slayd
Ermənistan bir çox azadlıqları itirir

2018-ci ildə inqilab nəticəsində prezident Serj Sarkisyan rejimi devrilsə də, Ermənistanın demokratik mənzərəsi qaranlıq qalır. Reyting.az xəbər verir ki, bunu siyasi şərhçi Aleksandar Srbinovski deyib.

Şərhçinin sözlərinə görə, ölkədə siyasi fəalların və jurnalistlərin təqib olunması xüsusi narahatlıq doğurur. Bu, demokratik təsisatların fəaliyyətinin qiymətləndirilməsi üzrə ixtisaslaşmış bir sıra QHT-lərin illik hesabatlarında öz əksini tapır.

Qeyd olunur ki, “Freedom House” son illik hesabatında Ermənistanda siyasi hüquqlar və vətəndaş azadlıqları ilə bağlı qiymətləndirməsini aşağı salıb.

Bildirilir ki, ölkə hakimiyyəti siyasi dissidentlərə, jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı genişmiqyaslı tədbirlər həyata keçirir.

Üstəlik, keçən may ayında açıqlanan hesabatda “Google”nin Təhdid Kəşfiyyat Qrupu Şimali Makedoniyanın “Cytrox” şirkəti tərəfindən yaradılmış “Predator” casus proqram təminatının “hökumətin dəstəklənən qurumları” tərəfindən qeyri-qanuni istifadəsini aşkar edib. Proqram təminatından jurnalistlərə, dissidentlərə və hüquq müdafiəçilərinə hücumda istifadə edilib və yerli media bir neçə erməni müxalif siyasətçinin elektron cihazlarının məxfi kodlarını sındırıb. Bununla belə, “Predator” ölkədə istifadə edilən yeganə casus proqramı deyil. Erməni müxalifətinin liderlərindən olan Artur Vanetsyan 2021-ci ildə onun telefonlarına “Pegasus” casus proqramlarının quraşdırıldığını iddia edib. Bu açıqlamaya və ondan sonra yaranan qalmaqala baxmayaraq, erməni jurnalistlərə və müxalifətçilərə qarşı “Pegasus”dan istifadənin qarşısı alınmayıb. Ermənistanda sosial media mütəxəssislərinin 2022-ci ilin noyabrında apardığı araşdırmaya görə, “Pegasus” hələ də əsas müxalifət fiqurları və media nümayəndələrinə qarşı casusluq edə bilər.

Srbinovskinin sözlərinə görə, baş nazir Nikol Paşinyan devirdiyi əvvəlki hökumətin üzvlərini təqib etməyə başlayıb. Məsələn, iki keçmiş müdafiə naziri siyasi motivli kimi qələmə verilən ittihamlarla həbs edilib. 2008-2016-cı illərdə xidmət etmiş keçmiş müdafiə naziri Seyran Ohanyan 2020-ci ildə 2 milyon dollardan çox dövlət vəsaitini mənimsəməkdə ittiham olunaraq tutulub. Eyni ittiham 2021-ci ildə saxlanılan digər keçmiş müdafiə naziri David Tonoyana qarşı da irəli sürülüb.

Siyasi şərhçi hesab edir ki, bəlkə də ən təəccüblüsü Ermənistanın yeni yaranmış demokratiyadan artan qeyri-liberalizmə nə qədər sürətlə keçməsidir:

“Hökumət 2021-ci ilin yayında keçirilən növbədənkənar seçkilərdə qalib gəldikdən sonra vəziyyət sürətlə dəyişməyə başlayıb. Paşinyan 2020-ci il müharibəsindən sonra öz xalqından “polad mandatı” aldıqdan sonra hökumət “xalq düşmənləri”nin ovlanması ilə bağlı kəsilmiş işini – Stalin dövründəki təmizləmələri xatırladan prosesi bərpa edib. Bu mübarizədə ilkin hədəflərdən biri də dünyanın müxtəlif ölkələrində yaşayan erməni diasporunun nümayəndələri olub. Məsələn, hakimiyyət Fransadakı erməni diaspor təşkilatının sədri Murad Papazyanı 2022-ci ilin iyulunda ölkəyə buraxmaqdan imtina edib. Heç vaxt cinayət törətməyən Papazyanın Ermənistana girişi yalnız 2021-ci ildə Parisdə Paşinyan əleyhinə keçirilən etiraz aksiyalarında iştirakına görə qadağan edilib”.

Srbinovski deyib ki, Paşinyanın “qara siyahısı” təkcə Papazyanla məhdudlaşmır:

“Avqustun 1-də Zvartnots hava limanında erməni təhlükəsizlik işçiləri Hollandiyadan olan iki erməni - Massis Abramyan və Syune Abramyana yaxınlaşaraq onlara Ermənistanda “persona non-qrata” elan olunduqlarını bildiriblər. Papazyan kimi bu iki diaspor fəalına da Ermənistanın hazırkı hakimiyyətinə qarşı olduqları üçün ölkəyə giriş qadağan edilib”.

Ölkədə media azadlığının pisləşməsi də müşahidə edilir. Avropa Media Azadlığı Resurs Mərkəzinin məlumatına görə, Ermənistanda media azadlığı “zorakılıq təhdidləri, güclü siyasi tapıntılar və baha başa gələn diffamasiya məhkəmələri arasında” məhdud olaraq qalır.

“2018-ci il “Məxməri inqilab”ı zamanı və ondan sonra Nikol Paşinyan və onun komandasının hakimiyyətə gəlməsinə, hətta 2021-ci ildə keçirilən növbədənkənar seçkilərə baxmayaraq, müharibədən əziyyət çəkən cəmiyyətin hazırkı hökumətə qarşıdurmada sarsıdıcı məğlubiyyətdən sonra daha bir şans verdiyinə baxmayaraq, Ermənistanda siyasi ab-hava təəssüf ki, mənfi istiqamətdə dəyişir”,- Srbinovski əlavə edib.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər