12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Tofiq Zülfüqarov: “Xankəndi məsələsinə qarşı tutarlı arqumentlər var”
Tarix: 02-05-2023 13:44 | Bölmə: Slayd
Tofiq Zülfüqarov: “Xankəndi məsələsinə qarşı tutarlı arqumentlər var”

“Azərbaycan ilə Ermənistan arasında müzakirələr aparılır. Amma əsas məsələ Ermənistanın mövqeyinin dəyişməsi, mövcud reallığı qəbul etməsidir. Bu baş verərsə, real sülh haqqında danışmaq daha asan olar”.

Bunu Reyting.az-a Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov XİN rəhbərlərinin Vaşinqtondakı görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, müharibədən dərhal sonra Azərbaycan delimitasiya, demorkasiya, Qərbi Zəngəzur, işğal nəticəsində dəyən ziyan və digər vacib məsələləri qaldırıb və bunlar təsadüfi deyil.

Keçmiş nazir əlavə edib ki, Azərbaycanın mövqeyi aydındır və hər yerdə öz əksini tapır: “Azlıqlar mövzusu qarşılıqlı şəkildə müzakirə edilə bilər. Bunun üçün Qərbi Azərbaycan məsələsi də var. Oradan çıxarılmış azərbaycanlıların hüquqlarının təminatı paralel şəkildə müzakirə edilə bilər. Odur ki, Xankəndi məsələsinə qarşı tutarlı arqumentlər var və bunların paralel müzakirəsini təklif etmək müsbət yanaşmadır”.

T. Zülfüqarovun fikrincə, Vaşinqtondakı danışıqların nəticəsinin müsbət və ya mənfi olmasını müəyyən etmək üçün bir qədər gözləməyə ehtiyac var və burada problem Ermənistan tərəfidir: “Danışıqlara ümid erməni tərəfinin hərəkətləri səbəbindən pessimist olur. Məsələn, Ermənistan baş naziri səhər bir, axşam isə tam başqa bir söz deyir. Bu da, istər-istəməz qeyri-ciddilik yaradır. Yəni qarşı tərəfin davranışı danışıqlarla bağlı ümidləri zəiflədir”.

Müsahibimiz diqqətə çatdırıb ki, danışıqların Moskva, Vaşinqton və ya Brüsseldə aparılması vacib deyil, vacib olanı reallığın Ermənistan tərəfindən qəbul edilməsidir: “Fikrimcə, danışıqların perspektivi daha çox erməni tərəfinin reallığı hansı şəkildə qəbul etməsindən asılıdır. Onsuz da harada erməni varsa, orada Moskva da var. Amma təkcə Moskva məsələsi deyil. Elə ABŞ-da da belədir. Məsələn, Konqresdə hansısa qətnamə irəli sürülürsə, orada Qarabağın statusu və ya “müstəqilliyi” məsələsindən dəm vururlar. Bütün bunlara baxmayaraq danışıqların aparılması, əlaqələrin qurulması müsbətdir”.

Politoloq bir daha vurğulayıb ki, danışıqların nəticəsi olmalıdır: “Mənim fikrimcə, hazırda Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul etməyə hazır deyil. Hazır olduğu ortaya çıxarsa, irəliləyişlər əldə ediləcək”.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər