12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Professor: “Moskva Vaşinqton razılaşmasını pozmağa çalışacaq”
Tarix: 05-05-2023 13:19 | Bölmə: Slayd
Professor: “Moskva Vaşinqton razılaşmasını pozmağa çalışacaq”

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtondakı danışıqları yekunlaşıb. Hesab edirəm ki, Vaşinqton danışıqları sülhyaratma prosesinin irəli aparılması üçün yaxşı addımdır. İndiyə qədər keçirilən danışıqlarda Ermənistan tərəfi destruktiv yanaşmaları ilə diqqət çəkirdi. Bu dəfə isə hiss edildi ki, İrəvan Vaşinqtonda belə əməllərini istədiyi formada həyata keçirə bilmədi”.

Bunu professor Qabil Hüseynli Vaşinqtonda yekunlaşan Azərbaycan və Ermənistan arasındakı danışıqları Reyting.az-a şərh edərkən deyib.

Q. Hüseynli əlavə edib ki, danışıqlar zamanı Vaşinqton tərəflərə eyni yanaşma sərgiləyib:

“Müşahidələr göstərdi ki, Vaşinqton tərəfinin Azərbaycanın mövqe və problemlərinə uyğun yanaşması üstünlük təşkil edir, çünki bu, həm də beynəlxalq hüquqa tam uyğundur. Eyni zamanda Ermənistanın ənənəvi qondarma məsələ və yanaşmalarına o qədər də diqqət ayrılmadı”.

Professor diqqətə çatdırıb ki, ötən gün Ermənistan parlamentində çıxış edən baş nazir Nikol Paşinyan da sülhün vacibliyindən danışıb:

“Hiss edilir ki, Vaşinqtonda erməni tərəfi də real sülhə yaxınlaşmaq üçün yetərli cəhdlər göstərib, çünki indi sülh hamıdan çox Paşinyana lazımdır. Amma bunun üçün İrəvan ciddi addımlar atmalıdır”.

Q. Hüseynli Rusiyanın da mövqeyinə toxunub:

“Moskva indiyə qədər real sülh yaratmaq üçün heç vaxt əlini daşın altına qoymayıb. Əlbəttə, bunun əyani göstəricisi üçtərəfli sazişin yerinə yetirilməməsidir. Ruslar bu saziş və sülh danışıqları vasitəsilə əslində, Ermənistana zaman tanımağa, onlara bir növ şans verməyə çalışırlar. Məsələn, hər üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində İşçi Qrupu yaradılıb və indiyə qədər iki iclası keçirilib. Bu, daha çox delimitasiya və demorkasiya məsələlərinin həlli üçündür. Amma ortada real nəticə yoxdur.

Digər tərəfdən, üçtərəfli sazişə əsasən, Rusiya Xankəndi və ətrafında olan 10 minə yaxın erməni ordusunu və silahlı qrupları çıxarmalı idi, amma indiyə qədər buna əməl etməyiblər. Əksinə, Laçın yolunda gəliş-gediş çətinləşəndə sülhməramlıların avtomobilləri ilə Xankəndi şəhərinə nələrsə danışıb. Yəni Rusiya Qarabağın separatçılarını silahı yerə qoymağa razı salmaq əvəzinə onları qızışdırıb, daha çox separatizmə təşviq edib”.

Professor Vaşinqtondan sonra Moskvada növbəti danışıqlar raundunun keçirilməsindən müsbət nəticə gözləmir:

“Açığı, mən Rusiyada sülhün əldə edilməsi baxımından pozitiv nəticə gözləmirəm. Onlar suyu bulandıracaq, Vaşinqtonda əldə olunan razılaşmaları pozmağa, vəziyyəti qarşıdurma şəraitində saxlamağa çalışacaqlar. Çünki belə olduqda regionda daha çox qalacaqlarını düşünürlər”.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər