12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Musabəyov: "Kreml belə vəziyyətlə üzləşəcəyini gözləmirdi"
Tarix: 06-05-2023 10:37 | Bölmə: Slayd
Musabəyov: "Kreml belə vəziyyətlə üzləşəcəyini gözləmirdi"

"Ukraynanın elan edilmiş yaz-yay hücumu ərəfəsində Kremldə və Rusiya Baş Qərargahında əsəb gərginliyi artır. Çünki rus ordusunun və "Vaqner"in ağır itkilərlə müşayiət olunan qış hücumu kiçik Baxmutda nəticəsiz qaldı. Yəni ələ keçirilməsi uğurlu olsa da, strateji və əməliyyat üstünlüyü vermədi".

Bunu Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

Musabəyov əlavə edib ki, Qərb tərəfdaşlarının dəstəyi ilə öz hücumunu diqqətlə hazırlayan Ukrayna onu başlamağa tələsmir: "Məsələ təkcə onda deyil ki, torpaq hələ qurumayıb, hərbi texnika ilişib qala bilər, mərmi və raketlərin sursatları lazımi miqdarda doldurulmayıb. Şahmat nəzəriyyəsindən məlumdur ki, təhlükə çox vaxt onun həyata keçirilməsindən daha güclü olur".

Deputat bildirib ki, Ukrayna PUA-ları Kremlə zərbələr endirir, bu zərbələr zərər verməsə də, həyəcanı artırır: "Üstəlik, bura Rusiya dəmir yollarında, silah-sursat və yanacaq anbarlarındakı partlayışları da əlavə etdikdə əsəb gərginliyi daha da yüksəlir. Ukraynaya qarşı “xüsusi hərbi əməliyyat”a başlayan Kreml belə vəziyyətlə üzləşəcəyini gözləmirdi. Amma bu, yalnız başlanğıcdır".

ELÇİN




Bölməyə aid digər xəbərlər