12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Hərbi analitik: “Qanlı döyüşlər qarşıdadır”
Tarix: 06-05-2023 18:41 | Bölmə: Slayd
Hərbi analitik: “Qanlı döyüşlər qarşıdadır”

“Ukrayna güclü əks-hücum haqqında düşünür və yəqin ki, bəlli planları da var. Amma hücuma tələsmir və gözləyir. Çünki ərazi qara torpaqdır, fəslə görə, yağışlar yağır, yer palçıqdır. Belə olan şəraitdə texnikanın sürəti zəif olur. Amma Ukrayna ordusu dayanmır, məsələn, son zamanlar əsasən xırda əməliyyatlar və dversiya aktları həyata keçirir. Bu da hücuma hazırlıqdır. Belə xırda əməliyyatlarla əslində cəbhədə qarşı tərəfin zəif nöqtələri axtarılır. Yəni kəşfiyyat xarakterli əməliyyat döyüşləri gedir, bunun sayəsində cəbhədə rus ordusunun zəif nöqtəsi tapılacaq və əsas hücum zərbəsi oradan endiriləcək”.

Bunu Reyting.az-a hərbi analitik Azad İsazadə Ukrayna-Rusiya savaşından danışarkən bildirib.

Analitik qeyd edib ki, hazırda Ukrayna və Rusiya ordusu təxminən bərabər gücdədir:

“Ukrayna ordusu Qərb silahları və mütəxəssisləri sayəsində modern təsiri bağışlayır, rus ordusu ilə müqayisədə bu üstünlüyə malikdir. Rus ordusu isə say və kəmiyyət baxımından üstündür. Odur ki, Ukrayna hərbi strateqləri indi çox ehtiyatla hərəkət edirlər. Bilirlər ki, istənilən zəif uğursuz hərəkəti rus ordusu sayına güvənərək əldən verməyəcək. Çünki rus ordusunda insan elə də dəyərli deyil. Ukrayna isə həm hücum etmək, həm də əsgərlərini qorumaq haqqında düşünür”.

İsazadə əlavə edib ki, indi əsas məsələ Ukrayna ordusunun Krıma hücumudur:

“Rus ordusunun Krımda səngər qazdığı, dəniz istiqamətində tələlər qurduğu, minalanma həyata keçirdiyi bildirilir. Amma nəzərə almaq lazımdır ki, coğrafi baxımdan Ukrayna ordusu Krıma o qədər də yaxın deyil. Bu baxımdan Ukrayna ordusunun Krıma hücumu iki mərhələdən ibarət ola bilər.

Birinci mərhələ Ukrayna ordusunun Azov dənizinin sahilinə çıxmasıdır. Bəli, indi Ukrayna ordusu Krımda bəzi nöqtələri vurur, amma birbaşa hücum üçün Azov sahillərinə çıxmaq vacibdir. Bunun ardınca məsafəli formada Krıma atəş açılmasıdır.

İkinci mərhələdə Ukrayna ordusu birbaşa Krıma daxil olmayacaq. Çünki Krımda Rusiyanı dəstəkləyən çox sayda insan var, onlar bura köçürülüblər və s. Odur ki, Ukrayna ordusu şəhərə daxil olsa, mülki insanlar arasında itkilər çox ola bilər. Bu baxımdan məsafəli atəşlə həmin əhalinin Krımdan çıxmasına şərait yaradılacaq. Hər halda qanlı döyüşlər qarşıdadır”.

Y. QACAR
Reyting.az





Bölməyə aid digər xəbərlər