12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Nazirliklə DİM qəbul imtahanı məsələsində ortaq məxrəcə gələ bilmir
Tarix: 07-05-2023 12:33 | Bölmə: Slayd
Nazirliklə DİM qəbul imtahanı məsələsində ortaq məxrəcə gələ bilmir

"Bir həftə bundan öncə Dövlət İmtahan Mərkəzinin informatika fənni üzrə işçi qrupunun üzvləri ilə Elm və Təhsil Nazirliyinin nümayəndələri görüşüb. İnformasiya texnologiyaları və kompüter ixtisası seçən abituriyentlər bu il ilk dəfə olaraq kimyadan deyil, informatikadan qəbul imtahanı verməli olduğundan bu görüş diqqəti çox cəlb edir. Bununla bağlı açıqlanan məlumatı oxuyanda, bir xeyli təəccübləndim".

Reyting.az
xəbər verir ki, bunu Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz deyib.

O. Gündüz xatırladıb ki, Elm və Təhsil Nazirliyi tərəfindən bu görüşdə iştirak edənlərin əksəriyyəti “Rəqəmsal bacarıqlar”, “Alqoritmika Azərbaycan” layihələrinin menecerləridir. Dövlət İmtahan Mərkəzi isə xeyli öncədən birmənalı olaraq açıqlayıb ki, informatika imtahanı kontent tədris proqramları əsasında olacaq. Mərkəzi rəhbəri əlavə edib ki, adıçəkilən layihələr indiki anda bu məzmundan xeyli uzaqdır:

“Anlamaq çətindir ki, bu cür əhəmiyyətli, ehtiyac olan bir görüş nə üçün informatikaya elə də aidiyyatı olmayanlarla bir arada keçirilib? Doğru olardı ki, Elm və Təhsil Nazirliyi ilk dəfə keçiriləcək informatika imtahanı ilə bağlı nazirlikdə bir işçi qrup formalaşdıraydı, məktəblərdə informatika imtahanına hazırlıqları monitorinq edəydi və müzakirələr aparılaydı. Eyni zamanda informatika müəllimlərinə, Dövlət İmtahan Mərkəzinin artıq elan olunmuş kontenti ilə bağlı metodiki köməkliklər göstəriləydi”.

O. Gündüz diqqətə çatdırıb ki, Dövlət İmtahan Mərkəzinin "İnformatikanın kontenti rəsmi proqramlardan olacaq",- mesajına Elm və Təhsil Nazirliyinin "Alqoritmika və rəqəmsal bacarıqlar" cavabını anlamaqda xeyli çətinlik çəkir:

“Qarşıdan isə son 30 ildə ilk dəfə olaraq keçiriləcək informatika üzə qəbul imtahanı gəlir. Vaxta az qalıb. Dövlət İmtahan Mərkəzi bu istiqamətdə xeyli hazırlıqlar görsə də, hələlik informatika üzrə test toplusunu dərc edə bilməyib".

Mütəxəssis əlavə edib ki, bu imtahan üzrə Elm və Təhsil Nazirliyində hazırlıqlar, narahatlıqlar müşahidə olunmur. "Bilmirəm, bəlkə də hər şey yaxşıdır. Ümid edirəm, bir aydan sonra baş tutacaq qəbul imtahanlarında informatika üzrə tədrisin vəziyyətinin qənaətbəxş olacağını görə biləcəyik",- deyə O. Gündüz fikrini yekunlaşdırıb.

E. KAMAL






Bölməyə aid digər xəbərlər