12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Cəlaloğlu: “Son təxribatla Vaşinqton və Brüssel görüşlərinin nəticəsini şübhə altına salmaq istəyirlər”
Tarix: 11-05-2023 12:50 | Bölmə: Slayd
Cəlaloğlu: “Son təxribatla Vaşinqton və Brüssel görüşlərinin nəticəsini şübhə altına salmaq istəyirlər”

“Azərbaycan və Ermənistan diplomatlarının Vaşinqton və Brüssel görüşlərindən sonra Kəlbəcər istiqamətində təxribatın baş verməsi təsadüfi deyil”.

Bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bu gün səhər saatlarında Ermənistan tərəfindən törədilən təxribatlardan danışarkən deyib.

Partiya sədri bildirib ki, təxribatlar nisbətən kiçik masştablıdır və burada maraqlı tərəfin kim olması diqqətçəkən olmalıdır. Onun sözlərinə görə, baş verənlərə supergüclərin Cənubi Qafqaz uğrunda rəqabəti kimi də baxmaq olar.

S. Cəlaloğlu iddia edir ki, Rusiya Azərbaycan-Ermənistan probleminin həllini istəmir, çünki sülh sazişi imzalansa rusların Qafqazda qalmasına bəhanə olmayacaq: “Odur ki, indi problemin həlli Rusiyanın maraqlarına uyğun deyil. Bu səbəbdən də, burada gərgin mühitin qalmasını, müharibə vəziyyətinin davam etməsini istəyirlər. Lakin ruslar burada böyük müharibənin olmasını istəmirlər və sonradan, Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılı olaraq Cənubi Qafqazla bağlı siyasətlərini yenidən quramağı planlaşdırırlar”.

Cəlaloğlunun fikrincə, Rusiyadan fərqli olaraq Amerika və Avropa Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin əldə edilməsində maraqlıdır, çünki bu saziş Rusiyanı bölgədə zəiflədəcək:

“Əslində son təxribatla Vaşinqton və Brüssel görüşlərinin nəticəsini şübhə altına salmaq istəyirlər. Əlbəttə, bütün bunlar supergüclərin Cənubi Qafqaz uğrunda mübarizəsidir.

Məncə, bizim üçün vacibi qardaş Türkiyədə 14 mayda keçiriləcək prezident seçkiləridir. Ərdoğan yenidən qalib gəldikdən sonra Ankaranın iştirakı ilə sülh sazişi imzalana, bölgədə sabitlik yarana, iqtisadi və ticarət məsələləri önə çıxa bilər”.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər