Prezident Putin görmə qabiliyyətini itirir?
Tarix: 08-12-2022 10:34 | Bölmə: Xəbərlər / Dünya
Prezident Putin görmə qabiliyyətini itirir?

Rusiya prezidenti Vladimir Putinin sağlıq durumu yenidən dünya mətbuatının müzakirə mövzusuna çevrilib.

Reyting.az
xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinə paralel olaraq prezident V. Putinin səhhəti ilə bağlı müxtəlif iddialar irəli sürülür.

Xatırladaq ki, Rusiya lideri ilə bağlı sonuncu iddia onun pilləkənlərdən yıxılmasıdır. Kremldəki mənbələrə əsaslanaraq yayılan məlumatda iddia olunurdu ki, müayinədən sonra həkimlər Rusiya liderinə sümük və yumşaq toxumalarda qançır diaqnozu qoyub. Eyni iddiaya görə, Rusiya lideri sözügedən vəziyyətlə bağlı yoxlanılıb.

Amma Rusiya Federasiyası Rəyasət Heyətinin Mətbuat və İnformasiya İdarəsi Putinin səhhətində hər hansı problemin olmadığını bildirir.

Qeyd edək ki, ötən həftələrdə Federal Təhlükəsizlik Xidmətinin (FSB) agenti həkimlərin Putin üçün təyin etdiyi yaşamaq imkanını izah edib.

“Mirror” qəzetinin iddiasına görə, həkimlər Rusiya liderinə maksimum 3 il ömür veriblər. Mənbənin adı təhlükəsizlik baxımından gizli saxlanılsa da, Putinin xəstəliyi səbəbindən görmə qabiliyyətinin ciddi şəkildə zəiflədiyi iddia edilir.

Rus agent qəzetə açıqlamasında bu ifadələri işlədib: “Ona televiziyaya çıxanda nə deyəcəyini oxumaq üçün hər şey böyük hərflərlə yazılmış kağız parçaları lazımdır. Bu kağızlarda yazılan hərflər o qədər böyükdür ki, hər səhifədə bir neçə cümlə var. Gözlərinin vəziyyəti ciddi şəkildə pisləşir”.

Rusiyada yerləşən “Proekt” tədqiqat platformasının daha əvvəl dərc etdiyi sənədlərdə bildirilir ki, səfərləri zamanı Putini ən azı 5 fərqli həkim müşayiət edir. Eyni sənədlərdə “Qalxanabənzər vəzi xərçəngi üzrə ixtisaslaşmış qulaq-burun-boğaz mütəxəssisi Yevgeni Selivanov heç vaxt Rusiya liderinin yanından ayrılmır”,- ifadəsi də yer alıb.

Onu da qeyd edək ki, Rusiyada qadağan olunmuş araşdırma şirkətinin dərc etdiyi bu sənədləri Kreml təkzib etmişdi.

Kremlin sözçüsü Dmitri Peskov sənədləri “xəyali” adlandırıb və bu iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

Son aylar səhhəti ilə bağlı gündəmə gələn 70 yaşlı Rusiya liderinin tez-tez üzünə botoks etdirdiyi də iddia olunur.

Britaniya mətbuatı isə yazır ki, Putin öləcəyi təqdirdə baş nazir Mixail Mişustin onu əvəzləyəcək ən güclü namizəddir.

Namizədlər arasında Moskvanın hazırkı meri Sergey Sobyanin də var. 2008-ci ildən Rusiya Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsində çalışan Nikolay Patruşev də Putini əvəzləyəcək şəxs kimi tez-tez xatırlanır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər