Məktəb direktoru şagirdlərdən polisə şikayət edib
Tarix: 24-06-2025 09:45 | Bölmə: Cəmiyyət
Məktəb direktoru şagirdlərdən polisə şikayət edib

Azərbaycan təhsil sistemində ağılagəlməz hadisə baş verib. Orta məktəb direktoru şagirdlərdən polisə şikayət edib, bu da valideynlərin ciddi narazılığına səbəb olub.

Hadisə Nizami rayonundakı 62 saylı məktəb-liseydə baş verib.

Valideynlərdən biri bildirib ki, 7-8-ci siniflərdə oxuyan uşaqların nadincliyi onları təəssüfləndirən və qəzəbləndirən sonluqla yekunlaşıb:

"Məktəbdə dərslər yekunlaşdığı günlərdə uşaqlar bizdən məktəbə ağ göynək və rəng aparmağa icazə istədilər. Bildirdilər ki, şagirdlər xatirə üçün əllərini rəngə boyayıb bir-birlərinin köynəklərinə vuracaqlar və sonra köynəyi xatirə kimi saxlayacaqlar. Mərasim sinif otağında təşkil olunub, nəticədə uşaqlar rəngi yerə, partalara töküblər. Müəllimlər, direktor Mətanət Cabbarlı valideynləri toplayıb narazılığını bildirdi, biz də müəllimlər də uşaqları danladıq və sinif otaqlarını təmizlədik”.

Valideyn deyib ki, hadisənin bitdiyini zənn etsələr də, sonrakı günlərdə polisdən gələn zəng onları şoka salıb: "Tələb edirdilər ki, uşaqları da götürün, polis bölməsinə gəlin, direktor sizin övladlarınızadan şikayətçidir, izahat və təhqiqat aparılmalıdır. Biz bildirdik ki, azyaşlı uşaqların polisə aparılması, izahat verməsi onlarda ciddi travma yaradar. Amma belə məlum oldu ki, direktor M. Cabbarlı uşaqların polis tərəfindən cəzalandırılmasında israrlıdır, o, tez-tez zəng vurub polisə təzyiq göstərməyə cəhd edir”.

Valideynlər Elm və Təhsil Nazirliyinə, Bakı Şəhər Təhsil İdarəsinə müraciət edərək, direktor Mətanət Cabbarlının bu ağılasızğmaz hərəkəti barədə ölçü götürməyi xahiş edirlər.

Qeyd edək ki, sözügedən məktəb-lisey barədə internetdə axtarış edərkən təhsil ocağı ilə bir araya sığmayan neqativ xəbərlərlə üzləşdik. Müxtəlif saytlarda məktəbdə şagirdlərdən, müəllimlərdən pul yığılması, təhsil mühitinin olmaması, direktorun özbaşınalıqları və s. barədə onlarla məqalə yazılıb. Ümid edirik ki, aidiyatı qurumlar 62 saylı məktəb-lisey haqda valideynlərin bu şikayəti barədə də araşdırma aparacaqlar.

Valideynlərin şikayəti ilə bağlı 62 saylı məktəb-liseydən münasibət öyrənmək mümkün olmayıb.(7news.az)




Bölməyə aid digər xəbərlər