Yüksək rütbəli hərbçilər iki ölkəni Rusiya ilə müharibəyə hazırlaşmağa çağırır
Tarix: 16-02-2026 00:06 | Bölmə: Slayd

Yüksək rütbəli hərbçilər iki ölkəni Rusiya ilə müharibəyə hazırlaşmağa çağırır

Britaniya və Almaniyanın yüksək rütbəli hərbi liderləri ölkələrinin ictimaiyyətinə Rusiya ilə mümkün müharibə təhlükəsinə hazırlaşmaq barədə birgə müraciət ediblər.

Reyting.az “The Guardian” qəzetinə istinadla xəbər verir ki, bu çağırışı Birləşmiş Krallığın Müdafiə Qərargahının rəisi, Hərbi Hava Qüvvələrinin marşalı Riçard Natan və Almaniyanın müdafiə rəisi, general Karsten Breuer səsləndiriblər. Onlar özlərini təkcə Avropada hərbi resurslara ən çox vəsait ayıran iki ölkənin hərbi liderləri kimi deyil, həm də “təhlükəsizliklə bağlı narahatedici həqiqətlərlə üzləşməli olan Avropanın səsi” kimi təqdim ediblər.

Hərbi rəhbərlər bildiriblər ki, Rusiyanın hərbi mövqeyi “qətiyyətlə qərbə doğru dəyişir” və bu, Avropanın müdafiə və təhlükəsizlik siyasətində köklü dəyişikliklərə ehtiyac yaradır.

Münhen Təhlükəsizlik Konfransından sonra “The Guardian” və Almaniyanın “Die Welt” qəzetlərində dərc olunan birgə məqalədə vurğulanır ki, əgər Rusiya Avropanı zəif və ya bölünmüş görərsə, təcavüzünü Ukraynadan kənara daşımağa cəsarət edə bilər.

Məqalədə qeyd olunur: “Tarix göstərir ki, düşmənlər bölünmə və zəiflik hiss etdikdə, çəkindirmə mexanizmləri işə yaramır. Biz bilirik ki, Rusiyanın təcavüzü və niyyətləri Ukrayna ilə məhdudlaşmır”.

Hərbi liderlər Avropanın təhlükəsizliyinin qorunması üçün birgə mövqe və qətiyyətli addımların vacibliyini xüsusi vurğulayıblar.

E. KAMAL





Bölməyə aid digər xəbərlər