Sanki bir mələk… - Din xadimi yazır
Tarix: 13-02-2026 14:54 | Bölmə: Xəbərlər

Sanki bir mələk…

Hacı Tahir Abbasov,

QMİ-nin Gəncə bölgəsi üzrə qazisi, “İmamzadə” ziyarətgahının imamı

Bu qeydlər nəcib və xeyirxah ürəyə malik, zəngin poetik düşüncələri ilahi inanc ilə vəhdət təşkil edən xanımlar haqqındadır.

Müqəddəs kitabımız Qurani-Kərimdə qadın və kişi iki ulduza bənzədilir; hər birinin öz kainatında hərəkət etdiyi bildirilir: “Nə günəş aya çatar, nə də gecə gündüzü ötüb keçər. Onların hər biri müəyyən bir dairədə üzürlər” (Yasin surəsi, 40-cı ayə).

Çağdaş Azərbaycan cəmiyyətinin və dövlətinin hərtərəfli inkişafında kişilərlə yanaşı, xanımların da böyük xidmətləri var. Sirr deyil ki, ailə qayğıları, Vətənə layiqli övlad böyütmək kimi ağır və məsuliyyətli yük məhz xanımların üzərinə düşür. Bununla bərabər, elə xanımlarımız var ki, bu məsuliyyətli missiyanı şərəflə yerinə yetirməklə yanaşı, dövlət və cəmiyyət həyatında daim fəallıq göstərir, kimsəsizlərə, qocalara, şəhid ailələrinə, qazilərə, bir sözlə, ehtiyacı olanlara yardım əlini uzatmağı, yaralı könülləri sevindirməyi özlərinin məslək borcu bilirlər. Belə xanımların simasında sanki bir mələk, Uca Allahın sevimlisini görürük.

Bu günlərdə şahidi olduğum bir görüş məndə olduqca dərin və xoş təəssürat yaratdı. Bu hisləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Gəncə şəhərinə səfəri zamanı yaşadım. Alena Əliyeva ilə birlikdə şəhərimizə təşrif buyuran Leyla xanım gəlişi ilə həm kimsəsiz uşaqların, şəhid ailələrinin, həm də inanclı insanların qəlbində sanki irfan işığı yandırdı. Bu iki xanımın səmimiyyəti, qayğıkeşliyi, yüksək intellekt və mədəniyyəti tədbir iştirakçılarını heyran qoydu, sadə insanların qəlbində dövlətimizin rəhbərinə olan sevgi və inamı daha da gücləndirdi.

Leyla və Alena Əliyevalar kimsəsiz uşaqların yaşayıb təhsil aldığı məktəbi, şəhid Milli Qəhrəmanımızın ailəsini, şəhidlərimizin xatirəsinə ucaldılmış kompleksi, eləcə də bizim də iştirakımızla Şah Abbas məscidini ziyarət etdilər. Leyla xanımın məscidə daxil olarkən dini qaydalara yüksək səviyyədə əməl etməsi, qadınlara aid hissədə namaz qılıb dua etməsi, hədiyyə etdiyim Qurani-Kərimi böyük ehtiramla qəbul etməsi nəzərdən yayınmadı. Onun söhbət etdiyi insanlara mərhəmət və diqqətlə yanaşması tədbir iştirakçılarını həm sevindirdi, həm də qürurlandırırdı. Qayğıya ehtiyac duyan insanlarla bağlı ona müraciətimizi təkidlə xahiş etməsini isə ayrıca qeyd etmək istərdik.

Ziyarət zamanı Leyla xanım təkcə buradakı insanlarla deyil, məscidin həyətindəki qədim çinar ağacları ilə də maraqlandı. Mən bu ağacların təxminən 400 illik tarixə malik olduğunu, Gəncə qırğını zamanı şəhid qanları ilə suvarıldığını söyləyəndə, onun çöhrəsində yaranan təəssüf və kədəri sezməmək mümkün deyildi. Bu məqamda Leyla xanım həmin dövrün şəhidlərinin ruhları üçün dua etməyi unutmadı, çinar ağaclarına isə müqəddəs, canlı varlıqlar kimi yanaşdı. 

Bu səhnələrə şahidlik etdiyimiz anlarda biz Leyla xanımın timsalında qəlbinin paklığı, mərhəməti, yüksək mədəniyyəti ilə seçilən ideal Azərbaycan xatununun obrazını görürdük. Hər iki xanımın şəhid övladlarına göstərdiyi xüsusi nəvaziş, sadə insanlarla təmaslarında ürək genişliyi ilə seçilən qayğıkeşliyi hamının hafizəsində dərin izlər buraxdı. Əlbəttə, bütün bunlara görə onların ailə başçılarına - Prezidentə və vitse-prezidentə - bu bölgənin sakinləri adından təşəkkürümüzü çatdırmağı özümüzə borc bilir və onlar üçün dualar edirik.

Müqəddəs Ramazan ayının yaxınlaşdığını xatırladarkən Leyla xanım, inşallah, bu müqəddəs ayda insanlarla gözəl süfrələr ətrafında görüşəcəyini bildirdi. Onu da xatırladım ki, Leyla xanım əvvəllər də iftar süfrələri təşkil edib. O, anası Mehriban xanımla birlikdə Gəncəyə səfəri zamanı ehsan vermiş, “İmamzadə” ziyarətgahında 600 nəfər üçün iftar süfrəsi açdırmışdı.

Bu qeydləri qələmə almaqda məqsədimiz əməli-saleh, inanclı insanların, soydaşlarına sevgi və qayğı ilə yanaşanların fəaliyyətini qeyd etmək və milli-mənəvi dəyərlərimizə verdikləri dəyəri nümunə kimi göstərməkdir. Bəli, valideyn himayəsindən məhrum uşaqları sevindirmək, imkansızlara əl tutmaq, xəstələrin şəfa tapmalarına yardımçı olmaq Leyla xanımın həyat amalı, Heydər Əliyev Fondunun isə əsas missiyasıdır.

İslam dininin tövsiyə etdiyi ən vacib əməllərdən biri yetim və kimsəsizlərə şəfqətlə yanaşmaq, onlara qayğı göstərməkdir. Uca Yaradan Qurani-Kərimdə bunu savab əməllərin sırasında sayır.

Allah belə insanları - ürəyi və əməlləri ilə savab qazananları qorusun!





Bölməyə aid digər xəbərlər