19:14 / 01-07-2025
Zelenski Əliyevə zəng edib
Beş şagirdimiz Azərbaycanı Yunanıstanda təmsil edəcək - Fotolar
Tarix: 01-07-2025 16:26 | Bölmə: Cəmiyyət
Beş şagirdimiz Azərbaycanı Yunanıstanda təmsil edəcək

1 iyul 2025-ci ildə, “New Baku Hotel”-də ümumrespublika üzrə məktəblilər arasında keçirilən İqtisadiyyat Müsabiqəsi-2025-in yekun mükafatlandırma mərasimi təşkil olunub.

Reyting.az
-ın məlumatına görə, bu müsabiqə ölkə üzrə minlərlə şagirdi əhatə edən və gənclər arasında iqtisadi maarifləndirmə məqsədi daşıyan önəmli bir təşəbbüsdür. Layihənin əsas məqsədi məktəblilər arasında iqtisadi biliklərin təbliği, analitik və tənqidi təfəkkürün inkişafı, gənclərin iqtisadi savadlılığının artırılması və onların gələcəkdə iqtisadçı kimi formalaşmalarına dəstək göstərməkdir. Proqram İqtisadi Əsaslar Təşəbbüsü (EFI) tərəfindən dəstəklənir.

Tədbirdə bir sıra nüfuzlu şəxslər – Milli Məclisin deputatı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) təsisçisi Vüqar Bayramov, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Müşfiq Cəfərov, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu iştirak edib və gənclərə dəstək mesajları veriblər. Onlar iqtisadi təhsil və savadlılığın məktəb yaşından formalaşdırılmasının əhəmiyyətini xüsusi vurğulayıblar.

Tədbir zamanı layihənin statistik nəticələri və müsabiqənin mərhələləri barədə təqdimat keçirilib. Müsabiqə məktəb, regional və milli mərhələləri əhatə edib, sonda isə yazılı və şifahi imtahanlar vasitəsilə Top 5 və Top 10 finalçılar müəyyənləşib.

Yunanıstanda beynəlxalq final turunda iştirak edəcək Top 5 və ölkə üzrə Top 10 qaliblər mərasim zamanı rəsmi şəkildə elan olunub, qalib şagirdlərə elektron hədiyyələr və təşəkkür sertifikatları təqdim edilib. Həmçinin bütün iştirakçılara təşəkkür bildirilib və onların iqtisadi biliklərə maraqları yüksək qiymətləndirilib.

Bu təşəbbüs gənclərdə iqtisadi biliklərə marağı artırmaqla yanaşı, onların tənqidi düşünmə və qərarvermə bacarıqlarını formalaşdırmağa xidmət edir. İqtisadiyyat Müsabiqəsi gələcək illərdə daha geniş miqyasda təşkil olunaraq daha çox məktəbi və şagirdi əhatə etməyi hədəfləyir.










Bölməyə aid digər xəbərlər