Marsdan gələn meteorit rekord qiymətə satılıb
Tarix: 17-07-2025 11:43 | Bölmə: Cəmiyyət
Marsdan gələn meteorit rekord qiymətə satılıb

Hərraca çıxarılan Mars meteoriti 5,3 milyon dollara satılıb. Elm dünyasını həyəcanlandıran bu tarixi satış kosmos həvəskarlarını da ovsunlayıb.

Reyting.az
xəbər verir ki, təxminən 25 kiloqram ağırlığında olan NWA 16788 meteoriti 4,3 milyon dollarlıq son təklifdən sonra komissiya və əlavə ödənişlər də daxil olmaqla, 5,3 milyon dollara satılıb.

Bu qeyri-adi parçanın Marsdan gəldiyi xüsusi laboratoriya sınaqları ilə təsdiqlənib. Onun kimyəvi tərkibi 1976-cı ildə Qırmızı planetə enən Vikinq kosmik zondunun topladığı nümunələrlə eynidir.

Qeyd edək ki, meteorit Sothebys Təbiət Tarixi Muzeyindəki aksiyada satılıb.

Qurumun vitse-prezidenti Kassandra Hatton meteoritlə bağlı şərh verib: “Bu parça Marsdan gələn ən böyük meteorit və indiyədək ən tam nümunədir. Əvvəlki ən böyük parçanın ölçüsündən iki dəfə çoxdur”.

2023-cü ildə Nigerin Saxara səhrası bölgəsində meteorit ovçusu tərəfindən tapılan bu qaya elmi cəhətdən də qiymətlidir. Mütəxəssislərin fikrincə, nəhəng asteroidin Marsın səthinə vurmasından sonra qopmuş qaya, kosmosa atılıb və yüz milyonlarla kilometrlik səyahətdən sonra Yer kürəsinə çatıb.

Meteoriti alan şəxsin kimliyi bilinmir, qaydalara əsasən təşkilatçılar bunu gizli saxlamalıdırlar.

Xatırladaq ki, Reyting.az bu qiymətli daşın satışa çıxarılacağı barədə məlumat vermişdi.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər