Təhsil naziri Yevlaxda vətəndaşları qəbul edib
Tarix: 28-11-2019 18:27 | Bölmə: Cəmiyyət
Təhsil naziri Yevlaxda vətəndaşları qəbul edib

Təhsil naziri Ceyhun Bayramov noyabrın 28-də Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində Ağdaş və Yevlax rayon sakinlərini qəbul edib.

Nazirlikdən Reyting.az-a verilən məlumata görə, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilən qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

Qəbulda vətəndaşlar əsasən, müəllimlərin yerdəyişməsi, işlə təmin olunma, dərs saatlarının bölgüsü, işə bərpa olunma, direktorların işə qəbulu, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər