NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib
Tarix: 17-10-2025 19:11 | Bölmə: Dünya
NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib

NATO Avropa hava məkanında artan pilotsuz uçuş aparatları (PUA) təhlükəsinə qarşı tədbirləri gücləndirməyə başlayıb. Sentyabr ayının əvvəlində Polşa hava məkanına daxil olan 19 drondan 3-ü Polşa, İsveç və Hollandiya qırıcıları tərəfindən vurulub. Bu hadisə Polşanın Baş naziri Donald Tuskun NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 4-cü maddəsinə istinad etməsinə səbəb olub.

Reyting.az
xəbər verir ki, “Times” qəzetinin məlumatına görə, bu insidentdən sonra NATO-nun Rusiya sərhədinə yaxın bölgələrdə imkanlarını artırmaq məqsədilə "Şərq mühafizəsi əməliyyatı" başladılıb. Lakin buna baxmayaraq, bəzi NATO ölkələrinin hava məkanının pozulması ilə bağlı təcrid olunmuş hallar davam edir.

Məlumata əsasən, ən azı 13 NATO ölkəsində şübhəli və ya təxribat xarakterli 54 pilotsuz uçuş hadisəsi qeydə alınıb. Bu hadisələrin əksəriyyəti Almaniyada baş verib. Onların yarısı hava limanlarının yaxınlığında, təxminən dörddə biri isə hərbi obyektlər, poliqonlar və silah-sursat anbarlarının ətrafında müşahidə olunub.

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen bu hadisələri "hibrid müharibənin ardıcıl və artan kampaniyası" kimi dəyərləndirib. Almaniya kansleri Fridrix Merz isə bu təxribatların arxasında birbaşa Moskvanın dayandığını bəyan edib.

Keçmiş Rusiya diplomatı Boris Bondarev hesab edir ki, bu addımlarla Vladimir Putin Qərbin Ukraynaya dəstəyinin zəifləyəcəyinə ümid edir. Bəzi ekspertlər isə bu hadisələri Çinin Tayvanla bağlı siyasəti ilə paralelləşdirərək, kəşfiyyat xarakterli əməliyyat kimi dəyərləndirirlər.

Nəşrin məlumatına görə, 54 dron insidentinin əksəriyyəti hələ də araşdırılır.

Bəzi hallar sadəcə anlaşılmazlıq olub. Nəşr Frankfurt hava limanı yaxınlığında xorvatiyalı bir həvəskarın pilotsuz aparatla uçuş həyata keçirdiyini və bu səbəbdən yüksək məbləğdə cərimələndiyini qeyd edir.

Bundan əlavə, Norveçdəki Bardufos aviabazasının yaxınlığında dron müşahidə edildikdən sonra iki Çin vətəndaşında kritik infrastrukturun fotoları aşkarlanıb.

Bu hadisələr fonunda Avropa hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib – radarlar, radio skanerlər və akustik sensorlara investisiyalar artırılıb. Lakin kiçik dronların aşkarlanmasında vizual təsdiqlər hələ də əsas rol oynayır.

Avropa ölkələri buna cavab olaraq hərbi hazırlığı artırır. NATO öz aşkarlama sistemlərini Baltikyanı ölkələrə köçürüb, Almaniya pilotsuz uçan aparatlarla bağlı bəzi qaydaları yumşaldıb. İsveç və Polşa isə birgə müdafiə təlimləri həyata keçirib.

Bundan başqa, Böyük Britaniya Moldovaya təhlükəsizlik xidmətlərini təlim keçmək məqsədilə əks-dron üzrə mütəxəssislər göndərib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər