Mübahisəli seçkilər, dövlət çevrilişi və bir illik dövlət başçısı… - Həbslər başlayıb
Tarix: 13-03-2021 15:01 | Bölmə: Dünya
Mübahisəli seçkilər, dövlət çevrilişi və bir illik dövlət başçısı… - Həbslər başlayıb

Boliviyada 2019-cu ilin noyabrında dövlət çevrilişi ilə nəticələnən mübahisəli seçki mərhələsinin ardınca bir il müddətinə müvəqqəti dövlət başçısı səlahiyyətlərini icra edən Jeanine Anez haqqında çıxarılan həbs qərarından sonra ölkə polisi xanım siyasətçini saxlayıb.

Reyting.az
xatırladır ki, Boliviya prokurorluğu 2019-cu ildə dövrün prezidenti Evo Moralesin vəzifəsindən çıxarılmasının ardınca ölkədə iqtidara gələn Anez haqqında cümə günü həbs qərarı çıxarmışdı.

Ölkədə “çevriliş məhkəməsi” kimi qiymətləndirilən araşdırma çərçivəsində Anezlə yanaşı sabiq hökumət üzvlərindən - Hökumət naziri Arturo Murillo, Ədliyyə naziri Alvaro Koimbra, Müdafiə naziri Luis Fernando, Enerji naziri Rodriqo Quzman və digər şəxslər haqqında da həbs qərarı verilmişdi.

Boliviya mediası bir il ölkəyə rəhbərlik etmiş xanım Anezin saxlanılmasının görüntülərini yayımlayıb.

Daxili işlər naziri Eduardo del Kastillo isə tvitter hesabında “Boliviya xalqına xanım Jeanine Anezin yaxalandığını və hazırda polisin əlində olduğunu bildirirəm”,- ifadəsini yazıb.

Xanın Anezin özü isə Boliviya hökumətini qınayıb və həbsinin “istismar, siyasi zülm” olduğunu deyərək ölkədə çevriliş olduğunu inkar edib.



Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər