İordaniyada dövlət çevrilişinin qarşısı alınıb - Həbslər var
Tarix: 04-04-2021 08:43 | Bölmə: Dünya
İordaniyada dövlət çevrilişinin qarşısı alınıb

İordaniyada kral ailəsinin üzvü Şərif Həsən ibn Zaid və Kral II Abdullanın keçmiş müşaviri, keçmiş maliyyə naziri Basem Avadallah Əmmanda həbs olunub.

Reyting.az
xəbər verir ki, bu barədə İordaniyanın “Petra” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, daha bir neçə nəfər “təhlükəsizlik səbəbindən” saxlanılıb.

Öz növbəsində, “Al Mayadeen” telekanalı xəbər verir ki, Əmmanda “II Abdullanı hakimiyyətdən uzaqlaşdırmaq üçün sui-qəsd” cəhdi ifşa edilib.

Keçmiş vəliəhd Həmzə ibn Hüseyn öz sarayında ev dustağı edilib.

Bundan başqa, sui-qəsddə iştirak etməkdə şübhəli bilinən 20-yə yaxın yüksək rütbəli zabit və yuxarı nəsil nümayəndələri saxlanılıb.

Ancaq Əmmandakı rəsmi mənbə taxtın keçmiş varisi ilə bağlı məlumatları təkzib edib.

“Şahzadə Həmzə nəzarət altında deyil və bəzi medianın yazdığının əksinə olaraq onun hərəkət azadlığı məhdudlaşdırılmayıb”, - deyə mənbə “Petra” agentliyinə bildirib.

40 yaşlı Həmzə ibn Hüseyn mərhum Kral Hüseyn ibn Talalın və xanımı Kraliça Nurun oğlu və Kral II Abdullanın ögey qardaşıdır. 1999-2004-cü illərdə İordaniyanın Vəliəhdi vəzifəsini icra edib. Hazırda taxtın varisi 26 yaşlı Şahzadə Hüseyn ibn Abdulla – II Abdulla və Kraliça Raniyanın böyük oğludur.

Bundan başqa, “Ammon” agentliyi yazır ki, səlahiyyətli orqanlar kralın keçmiş müşaviri, keçmiş maliyyə naziri Basem Avadallanı həbsdən əvvəl nəzarətdə saxlayıb. İddia olunur ki, keçmiş məmur “İsrailin lehinə torpaqla bağlı şübhəli danışıqlar” apardığı üçün tutulub.(APA)

***



İordaniya Haşimilər Krallığının keçmiş vəliəhdi Həmzə ibn Hüseyn televiziya müraciətində dövlət çevrilişində şübhəli bilinərək həbs olunduğunu təsdiqləyib.

Bu barədə məlumatı “BBC” telekanalı yayıb.

“Bu səhər təhlükəsizlik xidmətinin rəisi mənə bildirdi ki, iştirak etdiyim görüşlərdə hökumətin və ya kralın hərəkətlərini tənqid etdiyimə görə evi tərk etməyim və küçəyə çıxmağım, insanlarla ünsiyyət qurmağım və internetdən istifadə etməyim qadağan olunub”, - Həmzə ibn Hüseyn belə deyib.

Onun sözlərinə görə, hakimiyyəti tənqid etməkdə ittiham olunmur, ancaq ev dustaqlığında saxlanılması rəhbərliyin xəbərdarlığıdır. Bununla belə, Həmzə ibn Hüseyn özünün altı dəqiqəlik videoçıxışının çox hissəsini İordaniya kralı II Abdullanın tənqid olunmasına sərf edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər