Zakir Həsənov: “Düşmənin növbəti təxribatına veriləcək cavab onu tam məhv edəcəkdir” - Nazir ön cəbhədə
Tarix: 11-10-2016 10:54 | Bölmə: Gündəm


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində xidmət edən şəxsi heyətlə görüşüb.

Reyting.az-ın xəbərinə görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyət qarşısında çıxış edərək bildirib ki, Azərbaycanın səylərinə baxmayaraq Ermənistanın hərbi-siyasi rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət addım atmır: "Düşmənin qeyri-konstruktiv mövqeyinə görə danışıqlarda irəliləyiş əldə olunmur, beynəlxalq hüquq pozulur. Ali Baş Komandanın qeyd etdiyi kimi, Ermənistan öz çirkin taktikasını işə salaraq yenə də istəyir ki, bu məsələ dünya gündəliyindən çıxsın, vaxt uzansın. Biz buna imkan verməməliyik və bu münaqişə tezliklə həllini tapmalıdır”.

Cəbhə xəttində düşmənin təxribatlarının davam etdiyini deyən Z.Həsənov bildirib ki, ordumuz bu təxribatların qarşısını qətiyyətlə alır və daha sərt cavab tədbirləri həyata keçiriləcəkdir:

"Ermənistanın nümayiş etdirdiyi raketlərin taktiki-texniki xüsusiyyətləri barədə tam məlumatımız var. Bu, bölgədəki hərbi balansı düşmənin xeyrinə dəyişməyib. Biz bütün istiqamətlərdə tam üstünlüyə nail olmuşuq. Düşmən tərəfinin istifadə edə biləcəyi bir neçə qurğuya cavab olaraq isə Silahlı Qüvvələrimiz sərəncamındakı minlərlə raketlərdən, döyüş vasitələrindən cavab verməklə həmin raketləri vura bilməyə və düşmənin istənilən məsafədəki bütün hərbi infrastrukturunu məhv etməyə qadirdir. Ermənilərin həmin raketlərdən istifadə barədə səsləndirdiyi hədələr isə uydurmadan başqa bir şey deyildir”.

Müdafiə naziri qeyd edib ki, aprel döyüşləri qarşı tərəf üçün bir dərs olmalı idi: "Lakin görünür, onlar bu zərbədən nəticə çıxarmayıblar. Düşmənin növbəti təxribatına veriləcək cavab daha dağıdıcı və sarsıdıcı olacaq, onu tam məhv edəcəkdir".

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər