Qurban Qurbanov: "Qarabağ"ın oyunlarında hakimlərin davranışını anlaya bilmirəm"
Tarix: 24-10-2024 23:59 | Bölmə: İdman
Qurban Qurbanov: "Qarabağ"ın oyunlarında hakimlərin davranışını anlaya bilmirəm"

""Qarabağ"ın oyunlarında hakimlər niyə bu cür davranır, anlaya bilmirəm".

Reyting.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasında Niderlandın "Ayaks" komandasına qarşı baş tutan oyundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis 0:3 hesabı ilə məğlub olduqları matçda hakim idarəçiliyi barədə danışıb:

"Futbolçularımız bəsit vərəqə alarsa, günah özlərindədir. Biz bununla bağlı oyunçu ilə söhbət aparacağıq. Amma hər xırda şeyə görə oyunu saxlayıb, vərəqə göstərmək yersiz idi. Belə olacaqsa, onda gərək futbol oynamayaq. Julio Romaonun qırmızı vərəqə aldığı epizodda ilk öncə rəqib oyunçu futbolçumuzu itələyirdi. Kevin Medina penaltiyə səbəb olubsa, ikinci hissədə niyə Juninyo cərimə meydançasında yerdə qalarkən 11 metrlik cərimə zərbəsi təyin olunmadı? Rəqib futbolçumuzu iki əllə itələmişdi. "Qarabağ"ın oyunlarında hakimlər niyə bu cür davranır, anlaya bilmirəm".

Q.Qurbanov hakim idarəçiliyi ilə bağlı şikayət etməyəcəklərini bildirib:

"Oyun başa çatdıqdan sonra baş hakimin qərarları ilə bağlı şikayət etmək mənasızdır. Çünki əvvəllər 1-2 dəfə cəhd etsək də, istəyimiz nəticə vermədi. Düşünürəm ki, bu cür qərarlar böyük komandalara qarşı tədbiq olunmazdı. Biz "Qarabağ" komandasıyıq deyə belə qərarlar olur. Hakimlik barədə çox danışmaq istəməsəm də, məcbur qaldım"(Report).

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" görüşünü şotlandiyalı baş hakim Nikolas Uolş idarə edib. Qonaqların 3:0 hesabı ilə qələbə qazandığı matçda Ağdam təmsilçisinin iki futbolçusu - Julio Romao və Elvin Cəfərquliyev qırmızı vərəqə alaraq meydandan qovulub.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər